Azərbaycançılıq ideologiyasının inkişafında, cəmiyyətdə geniş yayılmasında qadın ziyalıların, xeyriyyəçilərin, fikir adamlarının da böyük əməyi olub. Tariximizdə elə qadın şəxsiyyətlər var ki, onların fəaliyyəti, işıqlı əməlləri günü bu gün də fəxrlə xatırlanır.
Mübaliğəsiz deyə bilərik ki, bu şəxsiyyətlər ictimai fikir tariximizdə dərin izlər qoyub. XX əsrin əvvəllərində azərbaycançılığın geniş təbliğ edildiyi Azərbaycan mətbuatının gözü olan "Molla Nəsrəddin" jurnalında bu məfhum yüksək səviyyədə təbliğ olunurdu. Əlbəttə, jurnalın ayaqda durmasına yardım göstərən insanlardan biri Həmidə xanım Cavanşir-Məmmədquluzadə idi. Həmidə xanım tarixdə o qədər parlaq rola malikdir ki, onu yüzillər sonra da xatırlamalı, ruhuna dualar oxumalıyıq.
Həmidə xanım Cavanşir Azərbaycanın ilk maarifçi qadınlarından biri, Cəlil Məmmədquluzadənin həyat yoldaşı, tarixçi Əhməd bəy Cavanşirin qızı, xeyriyyəçi, tərcüməçi, Azərbaycan Yazıçılar İttifaqının üzvü olub.
Tədqiqatçıların verdiyi bilgiyə görə, Həmidə xanım Cavanşir-Məmmədquluzadə 1873-cü ildə Şuşa qəzasının Kəhrizli kəndində zəmanəsinin görkəmli maarifçi ziyalısı, tarixçi Əhməd bəyin ocağında dünyaya gəlib, Cəlil Məmmədquluzadənin həyat yoldaşı olub. Nəcib bir insanın ailəsində dünyaya göz açan Həmidə xanımın Azərbaycan mədəniyyətinə və ədəbiyyatına həsr olunan böyük ömür yolu da məhz "ot kökü üstə bitər" məsəli ilə tam uzlaşır. Ailə məktəbində təhsil alan Həmidə xanım hələ yeniyetmə illərində rus dilini səlis qavrayaraq, o dövrün kənd qızları üçün səciyyəvi olmayan yüksək intellektə, geniş dünyagörüşə malik olub. Məlumatlara görə, ilk həyat yoldaşı zadəgan nəslindən olan polkovnik-leytenant İbrahim bəy Davatdarov cəbhədə həlak olandan və atasını itirəndən sonra Həmidə xanım Cavanşir Kəhrizlidə ata mülkünü idarə edib. 1905-ci ildə Tiflisdə tanış olduğu Mirzə Cəlil Məmmədquluzadəyə iki il sonra ərə gedərkən bu izdivac çoxlarına xoş getməyib, nikah onun əsilzadə nəslinə yaraşdırılmayıb. Lakin Həmidə xanım bütün maneələrə cəsarətlə sinə gərərək, Mirzə Cəlilə vəfalı və fədakar ömür-gün yoldaşı olmaqla yanaşı, həm də ustad sənətkarın ən yaxın maarifçi silahdaşı, ziyalı həmdəmi, "Molla Nəsrəddin"in isə xeyirxah himayədarı olur.
Tədqiqatçılar yazır ki, bütün varidatını, sərvətini həyat yoldaşının yaradıcılığına böyük ürəklə sərf edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə Mirzə Cəlillə 25 il əsl məhəbbət və qarşılıqlı ehtiramla ömür sürür. Bu illərdə Mirzə Cəlil nə qədər kəskin zərbələrə, ittihamlara tuş gəlsə, nadanlıqla qarşılaşsa da, ən çətin günlərdə Həmidə xanım ona mənəvi dayaq olur, bu böyük insanı daim nikbin ovqata kökləyib, onun bütün ağır sınaqlardan mətanətlə çıxmasına yardım göstərib.
Tədqiqatçılar qeyd edir ki, tarix Həmidə xanım Cavanşir-Məmmədquluzadəni böyük xeyriyyəçi və cəfakeş insan kimi yaddaşlara həkk edib. Tək Kəhrizli kəndinin deyil, cümlə Qarabağın ona kömək üçün pənah gətirən insanlarının əlindən tutan, qayğılarını həll edən bu xanım həm də o dövrün yardıma ehtiyacı olan ziyalılarının da problemlərini həll edib. Ciddi xəstəliyi olan Mirzə Ələkbər Sabir məhz Həmidə xanımın məsləhəti ilə Mirzə Cəlil tərəfindən Tiflisə müalicə üçün dəvət alır.
Sabir bu hadisəni Abbas Səhhətə yazdığı məktubda belə xatırlayırdı: "Mirzə Cəlil və Həmidə xanım cənablarından çox razıyam. Bilmirsən mənə nə qədər ehtiram edirlər! Bu neçə müddətdə təmam məxaricimi və zəhəmatımı mütəhəmmil olmuşlar. Mənim mehmanxana, ya xəstəxanada yatmağıma razı olmadılar, öz evlərində mənzil vermişlər. Xülasə, bilmirəm nə dil ilə təşəkkür edim". Həmidə xanımın Sabirə göstərdiyi qayğı haqqında isə dahi bəstəkarımız Üzeyir bəy Hacıbəyov xüsusi məqalə yazıb. Məqalə bu sözlərlə bitirdi: "Qoy ədəbiyyat tarixinə yazılsın ki, Sabir kimi şairi diriliyində təqdir edən bir kişi olmadısa da, bir nəfər arvad oldu ki, şairin iadei-səhhəti üçün, milyonçu kişilərə rəğmən, öz varından keçəcək qədər böyük bir hamiyyət göstərdi".
Bu hadisə Həmidə xanım Cavanşir-Məmmədquluzadənin vətəndaş mahiyyətini, xeyirxah əməllərini əks etdirən yüzlərlə faktdan yalnız biridir.
Həmidə xanım 1912-ci ildən Kəhrizlidə öz vəsaiti hesabına məktəb açır və burada dərs deyir. Mirzə Cəlilin vəfatından sonra da ölkənin ictimai-ədəbi həyatında fəal mövqe tutan Həmidə xanım Yazıçılar İttifaqına üzv seçilib, ömür-gün yoldaşının əsərlərini tərcümə etməklə yanaşı, bu böyük sənətkarla bağlı kövrək xatirələrini böyük ustalıqla qələmə alıb. 1955-ci ildə vəfat edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə Fəxri Xiyabanda Mirzə Cəlilin məzarı yanında dəfn olunub.
Həmidə Məmmədquluzadənin "Mirzə Cəlil haqqında xatirələrim" kitabı 1967-ci ildə "Azərnəşr"də dərc edilib.
Tədqiqatçılar yazır ki, H.Cavanşir, sözün əsl mənasında, "Molla Nəsrəddin"in himayədarı olub. Bu barədə yazan tədqiqatçılar vurğulayır ki, Azərbaycan mətbuatının bayraqdarı olmuş "Əkinçi"nin mənəvi varisi olan "Molla Nəsrəddin" jurnalı xalqımızın tarixində böyük rol oynayıb. Nadanlığa, cahilliyə, savadsızlığa qarşı mübarizədə qabaqcıl maarifçilik flaqmanı olub. Bu jurnal "Molla Nəsrəddin" ədəbi məktəbini yaradaraq, Azərbaycan ziyalılarının keyfiyyət göstəricisinə çevrilib. Xalqın mədəni və ictimai intibahında mühüm amil olub. Bu nailiyyətlərin müəllifi olan Mirzə Cəlil daim vurğulayıb ki, onun uğurlarında Həmidə xanım Cavanşirin böyük payı var. Həmidə xanım qeyri-adi insan idi. Kəndin sakinlərinə heç vaxt rəiyyət kimi baxmayan bu xanım daim insanların xeyirxahı olub, onların sağlamlığı ilə bağlı problemlərinin həllindən tutmuş, savadlanmasına qədər böyük bir himayədarlıq silsiləsi yaradıb. Kəhrizlinin ağsaqqal-ağbirçəkləri bu gün də Həmidə xanımın mərhəmətindən, xalqına olan sonsuz sevgisindən ağız dolusu danışır. Bu nəcib qadın çox kişinin qol qoymadığı işlərə baş vurub, əhalinin daha yaxşı dolanması, onların qayğılardan azad olması üçün öz sərvətini ürək genişliyi ilə sərf edib. Həmidə xanım bu kənddə Mirzə Cəlil üçün rahat, isti bir ocaq yaradaraq, bu böyük sənətkarın ədəbiyyatımızın inciləri sayılan xeyli əsərinin ərsəyə gəlməsinə mənəvi cəhətdən təkan verib.
Qeyd edək ki, Yazıçılar Birliyinin Qarabağ bölgəsi üzrə nümayəndəliyinin rəhbəri, şair Ənvər Əhməd Həmidə xanım Cavanşirin malik olduğu yüksək insani keyfiyyətlərin ona genetik keçdiyini deyib: "Pənahəli xan kimi əsilzadə zadəganın nəslindən, Əhməd bəy kimi böyük maarifçi ziyalının ailəsindən olan Həmidə xanım məhz belə ləyaqətli və örnək ömür sürməli idi. Sevindirici haldır ki, Azərbaycan xalqının adını yüksəklərə qaldıran ismətli xanımlarımız - Sara Xatun, Həcər və digərlərinin sırasında Həmidə xanımın da adı hörmətlə çəkilir. Tarixdə və yaddaşlarda bu qadının yüzlərlə fədakar əməli, xalqına olan bağlılığını əks etdirən yetərincə hadisələr var. Bunların hər biri sübut edir ki, Həmidə xanım Mirzə Cəlilə sadiq ömür-gün yoldaşı və ən yaxın silahdaş olmaqla bərabər, həm də onun adını zirvələrə qaldıran, böyük ustadın bənzərsiz yaradıcılığını öz yüksək şəxsi xarakteri ilə tamamlayan insan idi. Ötən əsrin əvvəllərində Qarabağda, o cümlədən Kəhrizli kəndində və ətrafda böyük aclıq, kütləvi epidemiya tüğyan edirdi. Belə təhlükəli məqamda Həmidə xanım yenə də öndə olub. O öz faytonu ilə hər bir evə darı, un və digər ərzaqlar paylayıb. Tauna, qızılcaya qarşı əhaliyə peyvəndlər vurdurub. Başqa müalicəvi vasitələr tətbiq edib. O dövrdə yüzlərlə insanı aclığın və ölümün cəngindən xilas edən bu nəcib xanım həm də saysız-hesabsız körpənin, yeniyetmənin savadlanmasını, beləliklə də onların gələcəkdə cəmiyyətdə öz yerlərini tutmasını təmin edib. Həmidə xanım qadınların problemlərinin həllində xüsusi səy göstərib. Onların savadlanmasına, problemlərinin həllinə çalışaraq, hətta gəlin köçən qızlara da xüsusi cehiz ərmağanı ayırıb. Həmidə xanım Cavanşir öz xeyirxahlığı, alicənablığı, mərhəməti ilə Azərbaycan tarixində əbədi yaşamaq haqqı qazanıb".
Tanınmış tədqiqatçı-jurnalist, yazıçı Mehriban Vəzir yazır ki, Həmidə xanım Cavanşirin "Xatirələrim" kitabının yazılmasının maraqlı bir tarixçəsi var: "Bu tarixçənin özü də bir xatirədir desək, bəlkə də yanılmarıq. Belə ki, 30-cu illərin (keçən əsrin-İ.S.) ortalarında Mir Cəfər Bağırovun göstərişi ilə Həmidə xanım Yazıçılar İttifaqına dəvət edilir. Burada Həmidə xanıma bildirirlər ki, yoldaş Bağırov arzu edir ki, o dövrdə Qarabağda olan hadisələri, inqilabi hərəkatları, o illərin mühüm bolşevik simaları haqqında bildiklərini qələmə alsın. Baxmayaraq ki, Həmidə xanım "Xatirələrim" memuar əsərini artıq yazmağa başlamışdı, təklifi qəbul edir. Elə oradaca ona ərizə yazdırıb bir günün içində Yazıçılar İttifaqına üzvlüyə qəbul edirlər. Əsərin yazılması üçün müəllifə iki-üç il vaxt verilir. Bu illərdə Həmidə xanım yüksək maaş, xüsusi xidməti maşın, qıtlıq dövrü olduğundan, "kremlyovski payok" deyilən ərzaq payı və başqa bu kimi imtiyazlarla təmin olunur. Beləliklə, vaxt başa çatır və Həmidə xanım yazdıqlarını Yazıçılar İttifaqına təhvil verir. Növbədə yalnız kitabın çapı qalırdı. Bir aydan sonra Həmidə xanıma Yazıçılar İttifaqından bildirirlər ki, yoldaş Bağırov əsəri bəyənməyib, çünki onun Qarabağdakı bolşevik fəaliyyəti, vətən və xalq qarşısında əvəzsiz xidmətləri kitabda geniş şəkildə əks olunmalıdır. Həmidə xanımın isə cavabı qısa və konkret olur: "Mən görmədiklərimi yaza bilmərəm".
Bununla da Həmidə xanım Cavanşir (1873-1955) repressiyaların tüğyan etdiyi bir dövrdə böyük bir cəsarət nümunəsi göstərərək, "yalançı tarix" yazmaqdan, rəhbəri mədh etməkdən qəti şəkildə imtina edir. Ona verilən bütün imtiyazlar təbii ki, əlindən alınır, kitab isə çap olunmur. Lakin uzun sürən qadağalardan sonra sovet dövründə "Xatirələrim"in tam deyil, qısa formada nəşrinə icazə verilir. Kitabda əsasən Həmidə xanım Cavanşirin ömür-gün yoldaşı, böyük ədib Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığı öz əksini tapmışdı".
Həmidə xanım Cavanşir Azərbaycan maarifinin, mədəniyyətinin, ziyalılığının ləyaqətli təmsilçisi olaraq tarixdə yaşayacaq. Çünki onun əməlləri xalqımızı işıqlı günlərə çıxarmaqla bağlı olub. Həmidə Cavanşir-Məmmədquluzadə böyük azərbaycançıdır.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.