İlham Əliyev: “Azərbaycanla Belarus qısa müddətdə ticarət dövriyyəsini artıra bilər”
Noyabrın 28-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun təkbətək görüşü olub.
“Azərbaycan Belarusla bütün sahələrdə əməkdaşlığı fəal şəkildə davam etdirmək əzmindədir”. APA-nın “Belta”ya istinadən verdiyi məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev belaruslu həmkarı Aleksandr Lukaşenko ilə Bakıda keçirdiyi görüş zamanı bildirib.
O qeyd edib ki, iki ölkə rəhbərləri arasında keçirilən görüşlər mütəmadi xarakter daşıyır: “Bu o deməkdir ki, ölkələrimiz arasında ən böyük dostluq və qardaşlıq münasibətləri mövcuddur”.
"Azərbaycan ən yaxın dostu kimi hər zaman Belarusa arxalana bilər". Bunu isə Belarus prezidenti Aleksandr Lukaşenko prezident İlham Əliyevlə təkbətək görüşdə deyib.
Onun sözlərinə görə, Belarus hər zaman Azərbaycan üçün faydalı olan hər şeyi edəcək: “Bizim imkanlarımızı siz yaxşı bilirsiniz. Siz Belarusun böyük dostusunuz. Bizim aramızda qapalı mövzu yoxdur. Biz bütün istiqamətlərdə əməkdaşlıq edirik və edəcəyik. Biz öz əməkdaşlığımızla heç kəsə zərər vermirik, fəaliyyətimizə aid ən aktual məsələlərinin müzakirəsi zamanı açığıq, gələcəkdə də açıq olacağıq”.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
“Azərbaycanla Belarus qısa müddət ərzində ticarət dövriyyəsini artıra bilər”. Bunu Azərbaycan prezidenti İlham Əliyev belaruslu həmkarı ilə geniş tərkibdə keçirilən görüşdə bəyan edib.
Dövlət başçısı qeyd edib ki, ikitərəfli əlaqələrin inkişafı sevindirici olsa da, qarşılıqlı ticarətin səviyyəsi qaneedici deyil: “Ticarət dövriyyəsinin artırılması ilə bağlı fikir mübadiləsi apardıq. Bunun üçün yaxşı potensial var. Biz işi düzgün qurmaqla, qısa müddət ərzində qarşılıqlı ixracı artıra bilərik”.
"Azərbaycanla Belarus təkcə özləri üçün deyil, həm də üçüncü dövlətlər üçün etibarlı tərəfdaşdır" - deyə Azərbaycan Prezidenti bildirib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan və Belarus prinsipial siyasət yürütdüklərinə və münasibətlərdə dürüst olduqlarına görə beynəlxalq arenada nüfuza malikdir.
"Belarus Azərbaycanla neft sahəsində uzunmüddətli perspektiv üçün əməkdaşlıq etməyə hazırdır". Bu sözləri isə Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
“Əgər sizin Avropa bazarında, eləcə də başqa bazarlarda marağınız varsa, gəlin, oturaq danışaq. Biz Azərbaycanın maraqları tələb etdiyi qədər irəli getməyə hazırıq”, - deyə Belarus prezidenti bildirib.