ABŞ ATƏT-in Minsk qrupunda həmsədrini dəyişir. Trend-in məlumatına görə, bu barədə amerikalı həmsədr Ceyms Uorlik özü bəyan edib. C.Uorlik "Twitter" səhifəsində bu il dekabrın 31-də Minsk qrupunun həmsədri vəzifəsindən gedəcəyini yazıb.
ABŞ Dövlət Departamentində 30 il çalışan diplomat "Yeqorov, Puqinski, Afanasyev və tərəfdaşları" adlı iri vəkil bürosunda işləyəcək.
Azərbaycanın ATƏT-in Minsk qrupunun həmsədrlərindən gözləntisi institusional xarakter daşıyır. Bunu isə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyev qeyd edib: "ABŞ-dan olan həmsədr Ceyms Uorlikə gələcək fəaliyyətində uğurlar arzu edirik. Ümumiyyətlə, bizim ATƏT-in Minsk qrupunun həmsədrlərindən gözləntimiz fərdi deyil, institusional xarakter daşıyır. Belə ki, instutusional olaraq ATƏT Minsk qrupunun həmsədrləri mandatlarına uyğun olaraq münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və Helsinki Yekun Aktı əsasında həllini təmin etməlidirlər. Nəticə etibarilə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin dövlət başçıları səviyyəsində qəbuledilməz və qeyri-davamlı hesab etdikləri status kvo-dəyişdirilməlidir".
XİN rəsmisi əlavə edib ki, status-kvonun dəyişdirilməsi isə işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasını tələb edir: "Təəssüf ki, ötən 20 ildən artıq müddət ərzində Azərbaycan əraziləri işğaldan azad edilməyib və regionda davamlı sülh və təhlükəsizlik təmin edilməyib".
Qeyd edək ki, C.Uorlik 2013-cü ilin sentyabrından Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədridir.