"Bilirlər ki, torpaqlar işğaldan azad olsa, Azərbaycanın inkişafının qarşısında dayanmaq olmayacaq".
Baki-xeber.com-un xəbərinə görə, bu sözləri bu gün “Avropa” otelində Türk Filmləri Həftəsinin başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib. “Bütün türk dünyası bir ailə olsa da, Türkiyə və Azərbaycan ekiz qardaşdır"-deyən Yalçın Topçu bunua ən parlaq misal kimi Azərbaycan Prezidentinin məşhur “Türkiyə Prezidenti burda deyilsə, mən burdayam” ifadəsini xatırladıb.
Türkiyədə 15 iyulda hərbi çevriliş cəhdindən danışan baş müşavir çevrilişin baş tutmasının bölgədəki bütün ölkələrə mənfi təsir edə biləcəyini deyib.
Y.Topçu BMT və digər beynəxalq təşkilatların Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu təsdiq etməsinə rəğmən susqunluğunu anlaşılmaz adlandırıb: "Xocalı soyqırımına, 1 milyondan çox qaçqın və məcburi köçkünə baxmayaraq, onlar susur. Çünki bilirlər ki, Azərbaycan torpaqları işğaldan azad olsa, ölkənin inkişafının qarşısında dayanmaq olmayacaq. Buna görə də Azərbaycanı Dağlıq Qarabağ məsələsi ilə məşğul edirlər".
Onun sözlərinə görə, eyni aqibəti Türkiyə də yaşayır: “Türkiyənin inkişafını istəməyənlər Ankaranı Kipr, terror və digər məsələlərlə məşğul etməyə çalışır”.