Noyabr ayının 4-də Nəsimi Rayon İcra Hakimiyyəti 9 noyabr – Bayraq Gününü qeyd edib.
İcra Hakimiyyəti Aparatından Baki-xeber.com-a verilən xəbərə görə, Dənizkənarı Milli Parkda Nəsimi rayon ictimaiyyətinin nümayəndələrinin, ağsaqqalların, Böyük Vətən Müharibəsi veteranlarının, orta və məktəbəqədər təhsil müəssisələri kollektivlərinin, ali təhsil müəssisələrinin tələbələrinin, idmançıların və digər təşkilatların nümayəndələrinin və çoxsaylı qonaqların iştirakı ilə «Bayrağımız – qürur mənbəyimizdir» yürüşü keçirilib.
Tədbir Azərbaycan Velosiped idmanı Federasiyasının velosipedçilərinin yürüşü ilə başlayıb. Əllərində Azərbaycan bayraqlarını tutmuş böyük insan izdihamı Dövlət Bayrağı Meydanına doğru irəliləyərək bayrağımıza olan ehtiram və sevgilərini bildirib. Yürüşdə 5 minə yaxın Nəsimi rayon sakini iştirak edib.
Dövlət Bayrağı Meydanında Azərbaycan Respublikasının Dövlət himni ifa olunub.
Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən keçirilən bu tədbirdə rayonda yerləşən ali təhsil müəssisələrində təhsil alan tələbələr artmobda daha fəal iştirak edib. Azərbaycan Dövlət Dillər Universitetinin tələbələri 9 NOYABR sözlərini canlı şəkildə yazıb. Daha sonra Prezident İlham Əliyevin imzasını Bakı Slavyan Universitetinin 300 nəfərdən artıq tələbələri canlı şəkildə yazıblar. Nəsimi rayon orta məktəblərində təhsil alan şagirdlər isə flaşmobda Azərbaycan bayrağını canlandırıblar. Meydanda toplaşan bütün iştirakçılar “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” deyərək Azərbaycan bayraqlarını başları üzərində dalğalandırıblar.
Tədbirin sonunda Azərbaycan bayrağı ilə bəzədilmiş minlərlə şar səmaya buraxılıb.