ATƏT Minsk qrupunun fransalı həmsədrinin dəyişməsi xüsusi səbəblərlə bağlı deyil. Bunu Trend-ə Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez deyib. O qeyd edib ki, əvvəlki həmsədr Pyer Andryönin mandatı başa çatıb və onun yerinə Stefan Viskonti təqdim olunub.
Səfir deyib ki, Viskonti təcrübəli diplomatdır: "Fransa Minsk Qrupunda fəaliyyət göstərmək üçün yalnız təcrübəli diplomatları göndərir.”
Fransa səfiri S.Viskontinin artıq işə başladığını deyib.
Səfir onu da deyib ki, Fransa xarici investorları, o cümlədən azərbaycanlı iş adamlarını bu ölkəyə investisiya yatırmağa çağırır. Səfir bildirib ki, Fransa investorlar üçün cəlbedici ölkədir: "Fransaya sərmayə qoyulması Azərbaycan üçün yaxşı təcrübə ola bilər".
Diplomatın sözlərinə görə, Azərbaycan Fransa üçün mühüm ölkədir və iki ölkə arasında sıx münasibətlər qurulub.
A.Buşez qeyd edib ki, Fransa sənaye investisiyaları planında birinci yeri tutur: "Fransa iqtisadiyyatına vəsait qoyuluşu Azərbaycana öz iqtisadiyyatını diversifikasiya etməyə, yeni təcrübə qazanmağa imkan verəcək ki, bu da qarşılıqlı faydalı ola bilər".
O əlavə edib ki, Fransaya sərmayə qoyuluşu təkcə ölkə bazarına deyil, bütün Avropa İttifaqı bazarına çıxış deməkdir: "Biz gələcəkdə də Azərbaycandakı fəaliyyətimizi genişləndirmək istəyirik".
Səfir xatırladıb ki, Azərbaycanda 40-dan çox Fransa şirkəti çalışır.