Bu il XX əsrdə Azərbaycan aşıq sənətinin inkişafında müstəsna xidmətləri olmuş iki böyük sənətkarın – Gürcüstanın Əməkdar Mədəniyyət İşçisi Hüseyn Saraçlı və Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Hüseyn Cavanın anadan olmasının 100 illik yubiley ilidir.
Hər iki sənətkarın yubileyinin yüksək səviyyədə keçirilməsi üçün Azərbaycan Aşıqlar Birliyi tədbirlər planı hazırlayıb. Bu barədə məlumat verən AAB-ın katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu bildirib ki, Mədəniyyət və Turizm nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə noyabr ayının ortalarında Hüseyn Saraçlının, sonunda isə Hüseyn Cavanın yubiley tədbiri keçiriləcək.
Xatırladaq ki, Hüseyn Saraçlı 1916-cı ildə Borçalıda – Saraçlı kəndində anadan olub, Borçalı aşıq mühitinin ən məşhur nümayəndələrindən olmaqla, bütövlükdə Azərbaycan aşıq sənətinin inkişafından əvəzsiz xidmətləri ilə seçilib, məşhur dastan ifaçısı kimi tanınıb. 1987-ci ildə dünyasını dəyişən H.Saraçlının doğma kəndində büstü ucaldılıb, ölümündən sonra hər il xatirə günü qeyd olunub. Hüseyn Cavan isə 1916-cı ildə Cənubi Azərbaycanda anadan olub, kiçik yaşlarından Azərbaycan respublikasına gəlib, bir müddət Ağdam rayonunda, sonra isə Goranboy rayonunda yaşayıb. 1938-ci ildə Cənubi Azərbaycana qayıdıb, 1946-cı ildə isə Bakıya gələrək Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərib. 1948-ci ildən Goranboy rayonunda məskunlaşan Hüseyn Cavan 1985-ci ildə dünyasını dəyişib.
Qeyd edək ki, hər iki böyük sənətkar aşıq sənətinin sütunlarından olub. Onlar dövrlərinin görkəmli aşıqları kimi aşıq sənətini təbliğ edib, şəyirdlər yetişdiriblər. Hər iki aşıq müasir dövrüvüzdə də xatırlanır, onların lent yazıları səsləndirilir. Aşıq Hüseyn Saraclı və aşıq Hüseyn Cavanın 100 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi aşıq sənətinə, mənəvi irsimizə Azərbaycan dövlətinin qayğı və diqqətinin təzahürüdür.
İradə SARIYEVA