Son illər ölkəmiz ardıcıl olaraq bir sıra beynəlxalq tədbirə ev sahibliyi edir. Diqqətçəkən məqamlardan biri odur ki, bu tədbirlərin hamısı ölkəmiz tərəfindən yüksək səviyyədə təşkil edilir. Dostluq, əməkdaşlıq şəraitində keçirilən bu tədbirlər qonaqlarda gözəl təəssürat yaradır. Vurğulayaq ki, Azərbaycan bu gün dünyada sülhə, əminamanlığa, multikultural mədəniyyətə, tolerantlıq və multikulturalizm anlayışına geniş qucaq açan bir ölkə kimi tanınır. Multikulturalizmin beşiyi olan Azərbaycan qədimlərdən bəri dünyada əminaman, qonaqpərvər bir məmləkət kimi tanınır.
Qeyd edək ki, respublikamızda keçirilən genişmiqyaslı tədbirlərdən biri aprelin 25-27-də keçirilən BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu olub. Azərbaycan paytaxtında keçirilən Forum Azərbaycan haqqında dünyaya böyük bilgi verdi. Qeyd edək ki, Forumun paytaxtımızda keçirilməsi barədə qərar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib. Məlumdur ki, bu tədbir nəinki ölkəmizdə, hətta beynəlxalq səviyyədə mədəniyyətlərarası, dinlərarası münasibətlərə böyük töhfələr verib. Ekspertlər vurğulayır ki, bu, həmçinin, Prezident İlham Əliyevin liderliyi ilə xalqımızın çoxminillik multikultural və tolerant mədəniyyətinin artıq dünyada bir nümunə, bir model kimi qəbul edilməsi ilə bilavasitə bağlıdır.
Qısaca olaraq xatırladaq ki, Forumun ölkəmizdə keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması barədə Prezident tərəfindən 2015-ci ilin 24 iyul tarixində Sərəncam imzalanıb.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mətbuata deyib ki, Forumun və Azərbaycanın dünya mədəniyyətləri arasında dialoq qurmaqda əhəmiyyətli yeri var.
"İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd" devizi altında keçirilən Foruma BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, media və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla, saysız qonaq qatılıb.
Aprelin 25-27-də Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu ölkəmizdə və beynəlxalq aləmdə böyük əks-səda yaradıb. Qeyd edilənə görə, Bakıda belə böyük bir Forumun keçirilməsi Azərbaycanın siyasi nüfuzunun və iqtisadi potensialının göstəricisidir. Əksər ekspertlər vurğulayır ki, Forumun indiki vəziyyətdə Azərbaycanda keçirilməsi ölkəmiz üçün böyük siyasi dividenddir.
Səsləndirilən fikirlərə görə, bu tədbirin Azərbaycanda keçirilməsi sübut etdi ki, ölkəmiz demokratik prinsiplərə söykənən, sivil, mültikulturalizmin ən böyük inkişaf etdiyi, tolerantlığın mövcud olduğu bir məkandır. O da məlumdur ki, artıq Azərbaycan bu cür forumlara ev sahibliyi etməklə dünyada etibarlı tərəfdaş imici formalaşdırıb.
Ekspertlər qeyd edir ki, qlobal dünyada baş verən hadisələrin məhz Azərbaycanda baş tutan platformada müzakirə edilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunu xeyli artırmış oldu. Azərbaycan bu gün dünyaya sülh çağırışı edən bir ölkədir və bütün dünyaya bunu göstərir.
Məlumdur ki, Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqun təşviqi sahəsində əməkdaşlığını daha da əzmlə davam etdirir. Bu sahədə əldə olunan nailiyyətlər buna misaldır.
Beynəlxalq aləmdə səsləndirilən fikirlərə görə, BMT-nin Sivilizasiyalar Alyansının mədəniyyətlər və dinlərarası dialoq, sivilizasiyalar arasında hörmət və qarşılıqlı anlaşmanın təşviq edilməsi kimi ali məqsəd və məramlarına uyğun olaraq, 7-ci Bakı Qlobal Forumunun keçirilməsində məqsəd BMT-nin sülh və təhlükəsizlik, insan hüquqları və inkişafa dair təməl prinsipləri əsasında inklüziv cəmiyyətlərdə birgəyaşayış modellərinin müzakirəsi və həll yollarının müəyyən edilməsi idi.
Məlumatlara görə, 7-ci Bakı Qlobal Forumunda dünyanın 147 ölkəsindən nümayəndə iştirak etdi. Forumda BMT-nin Sivilizasiyalar Alyansının Dostları Qrupuna daxil olan ölkələrin dövlət və hökumət başçıları, xarici işlər nazirləri və digər yüksək səviyyəli hökumət rəsmiləri, beynəlxalq təşkilatların rəhbər heyətləri, dini liderlər, müxtəlif sahələr üzrə ekspertlər, qeyri-hökumət və vətəndaş cəmiyyəti, biznes dairələri və kütləvi informasiya vasitələrinin nümayəndələri təmsil olundu. Tədbir geniş şəkildə 117 nəfər xarici və yerli media tərəfindən işıqlandırıldı.
İnklüziv cəmiyyətlərin qurulması və inkişaf etdirilməsində gənclərin xüsusi rolunu nəzərə alaraq, BMT Sivilizasiyalar Alyansı tərəfindən aparılan beynəlxalq müsabiqə nəticəsində 6000 gənc arasından seçilmiş dünyanın müxtəlif ölkələrini təmsil edən 150 gəncin iştirakı ilə 25 aprel tarixində BMT-nin Sivilizasiyalar Alyansının Gənclər Tədbiri keçirildi.
Forumda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İspaniyanın xarici işlər naziri Joze Manuel Qarsiya-Marqallo çıxış etdi. BMT-nin baş katibi (sabiq) Pan Gi Mun tədbir iştırakçılarına videomüraciət edərək Forumun işinə uğurlar arzuladı və ev sahibi olaraq Azərbaycana təşəkkürünü ifadə etdi.
Forumun rəsmi açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirib: "BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna Bakının ev sahibliyi etməsi təsadüfi deyil. Çünki tolerantlığın məkanı, multikultural dəyərlərə sadiq olan müstəqil Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanmasına və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönələn mühüm layihələrin reallaşdırılması, mötəbər forumların keçirilməsi sahəsində zəngin təcrübəyə malikdir".
Ölkə başçısı Forumun açılışında çıxış edərkən aydın şəkildə dünyaya bəyan etdi ki, bizim üçün multikulturalizm dövlət siyasətidir: "Biz bu vacib məsələlərin müzakirə edilməsi üçün müxtəlif tədbirlər təşkil edirik. Biz hər iki ildən bir Azərbaycanda Mədəniyyətlərarası Dialoq Forumunu təşkil edirik. Mütəmadi olaraq biz Bakı Beynəlxalq Humanitar Forumuna ev sahibliyi edirik. Burada da əsas məqsəd müxtəlif dinlərin nümayəndələrinin bir araya gətirilməsindən, aramızda daha mühüm qarşılıqlı anlaşmanın yaradılmasından ibarətdir.
Azərbaycan dinlərarası dialoq kimi vacib məsələyə həsr edilmiş dünya dini liderlərinin zirvə toplantısına ev sahibliyi etmişdir. Hesab edirəm ki, bu mövzu bu gün dünyanın gündəliyində duran ən mühüm məsələlərdəndir və Sivilizasiyalar Alyansının rolu artmaqdadır. Əfsuslar olsun ki, biz, eyni zamanda, regionumuzda, Avropada, Yaxın Şərqdə, keçmiş Sovet İttifaqı ərazisində böyük narahatlıq doğuran meyllərin şahidi oluruq. Etnik və ya dini zəmində baş verən qarşıdurma və toqquşmalar çox təhlükəli meyllərdir.
Hesab edirəm ki, Bakıda keçirilən belə bir toplantı - VII Qlobal Forum bu məsələlərin müzakirəsinə həsr ediləcək və həmrəylik, sülh, qarşılıqlı anlaşma və tərəfdaşlıq işinə öz töhfəsini verəcək... Bizim aramızda bölüşdürəcəyimiz heç nə yoxdur. Hamımız eyni planetdə yaşayırıq. Bütün xalqlar sülh, əminamanlıq və təhlükəsizlik şəraitində yaşamağı, ailələrini qorumağı, övladlarını böyütməyi arzulayır. Bütün dinlər eyni dəyərləri-insanlıq, mərhəmət, həmrəylik və sülhü təbliğ edir. Bu gün dünyanın tələb etdiyi səylərimizin birləşdirilməsidir... Multikulturalizmin alternativi yoxdur. Əlbəttə, bizə məlumdur ki, bununla bağlı müxtəlif fikir və baxışlar var. Bəziləri multikulturalizmin iflasa uğradığını iddia edirlər, ancaq müsbət nümunələr var. Bizim üçün multikulturalizm dövlət siyasətidir və bizim həyat tərzimizdir".
Forumda diqqətçəkən çıxışlardan biri Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva tərəfindən edildi. O, qonaqlara tolerantlıq və multikulturalizmin Azərbaycanda həyat tərzi olmasından, eləcə də Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır humanitar nəticələri, dövlət, vətəndaş cəmiyyəti və özəl sektorun əməkdaşlığı modeli əsasında Heydər Əliyev Fondunun ölkədə və xaricdə həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib.
Qeyd edək ki, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun yüksək səviyyəli nazirlər iclasının Bakı Bəyannaməsi qəbul edildi. Bəyannamədə Alyansın 7-ci Qlobal Forumunun "İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd" adı altında keçirilməsinə ev sahibliyi etməsi, müasir dövrdə cəmiyyətlərdə artan müxtəlifliyin fonunda inklüziv birgəyaşayışa qarşı artan təhdidlərin qarşısının alınması və irəliləyişin müəyyən edilməsi nöqteyi-nəzərindən müxtəlif dairələrin fərqli baxışlarının bir araya gətirilməsi, "Bakı prosesi" və 2016-cı ilin ölkəmizdə "Multikulturalizm ili" elan edilməsi baxımından Azərbaycanın rolu təqdir edildi.
Bəyanatda qeyd olunurdu ki, 7-ci Bakı Qlobal Forumu inklüziv cəmiyyətlərdə birgəyaşayış üzrə qabaqcıl təcrübələrin mübadiləsi, sülh, universal insan hüquqları və davamlı inkişafın təşviq edilməsi və təhdidlərə, xüsusilə terrorizm üçün münbit rol oynayan zorakı ekstremizmin yayılmasına qarşı həll yollarının tapılması, BMT-nin Sivilizasiyalar Alyansının qlobal platforma kimi rolunun vurğulanması baxımdan qarşısına qoyduğu məqsədlərə nail oldu.
Məlumdur ki, Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2016-cı il tarixli Sərəncamına uyğun olaraq, 7-ci Bakı Qlobal Forumunun uğurla keçirilməsi milli, regional və qlobal səviyyələrdə multikulturalizmin təşviqi, mədəniyyətlər və sivilizasiyalar arasında, eləcə də sivilizasiyalar daxilində dialoq və anlaşmanın gücləndirilməsinə əsaslı töhfə verməsi baxımından mühüm tədbir oldu.
Ekspertlər vurğulayır ki, Azərbaycan Respublikası bu istiqamətdə davamlı siyasətini, beynəlxalq təşkilatlar, digər dövlətlər və tərəfdaşlarla mədəniyyətlər və dinlərarası dialoqun təşviqi sahəsində əməkdaşlığını daha da əzmlə davam etdirəcək. "Bakı prosesi" çərçivəsində 2017-ci ildə Bakıda keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun nəticələrini müzakirə etmək üçün platforma olacaq.
BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsinin xüsusi əhəmiyyəti var. Ekspertlər deyir ki, Cənubi Qafqazda Ermənistanın təcavüzkarlığı nəticəsində yaranmış gərgin vəziyyət fonunda Azərbaycanın sülh, barış, sabitlik və mədəniyyətlərarası dialoqu təşviq edən nüfuzlu tədbiri yüksək səviyyədə təşkil etməsi böyük hadisədir. BMT səviyyəsində Bakıda keçirilən Forumda qəbul edilən müddəaların yerinə yetirilməsinə başlanır. Bununla növbəti dəfə Azərbaycan regional və qlobal miqyasda əməkdaşlığa ciddi töhfəsini vermiş olur.
Azərbaycanda bütün xalqların nümayəndələri sülh və əminamanlıq içərisində yaşayır. Bunu beynəlxalq aləm də yaxşı bilir. Azərbaycan dostluq, qardaşlıq, multikultural ənənənin, tolerantlığın yaşadıldığı, təbliğ edildiyi bir ölkədir.
Namiq QULİYEV
Yazı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.