Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro oktyabrın 22-də Azərbaycana səfər edib.
Səfər çərçivəsində Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduro Baş nazir Artur Rasizadə ilə görüşüb. Artur Rasizadə Azərbaycanla Venesuelanın siyasi əlaqələrinin yaxşı səviyyədə olduğunu bildirərək, ölkələrimizin BMT və digər beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyini vurğulayıb.
Artur Rasizadə iki ölkə arasında iqtisadi münasibətlərin genişləndirilməsi üçün yaxşı potensialın olduğunu qeyd edib, digər sahələrdə də əlaqələrin möhkəmləndirilməsi üçün səylərin artırılmasının vacibliyini bildlrib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ətrafında söhbət gedərkən, münaqişənin yalnız beynəlxalq hüququn normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyi qeyd edilib. Nikolas Maduro ölkəsinin Azərbaycanla bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə əməkdaşlıqda maraqlı olduğunu deyib. O, neft istehsalçısı və ixracatçısı olan Azərbaycanın və Venesuelanın OPEC və qeyri-OPEC dövlətləri ilə əlaqələrinin intensivləşdirilməsinin əhəmiyyətini vurğulayıb.
Prezident Nikolas Maduro müxtəlif sahələrə, o cümlədən energetika sahəsinə qarşılıqlı investisiyalar yatırılması üçün yaxşı imkanların olduğunu bildirib. Həmçinin turizm, mədəniyyət, kənd təsərrüfatı, maliyyə və digər sahələrdə əməkdaşlığın perspektivləri nəzərdən keçirilib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra Nikolas Maduro Milli Məclisdə olub. Ali qonaq əvvəlcə parlamentin iclas zalı ilə tanış olub. Prezident Nikolas Maduronun Milli Məclisin sədri Oqtay Əsədovla görüşündə Azərbaycan və Venesuela arasında müxtəlif sahələrdə əməkdaşlığın, xüsusilə parlamentlərarası əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Məhdud tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Venesuela sənədlərinin imzalanması mərasimi olub.
Azərbaycan Respublikası Prezidentinin və Venesuela Bolivar Respublikası Prezidentinin Birgə Bəyanatını Azərbaycan Prezidenti İlham Əliyev və Venesuela Prezidenti Nikolas Maduro imzalayıb.
“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Venesuela Bolivar Respublikasının Xarici İşlər üzrə Xalq Hakimiyyəti Nazirliyi arasında siyası məsləhətləşmələr mexanizminin yaradılması haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Venesuelanın xarici işlər üzrə xalq hakimiyyəti naziri Delsi Rodrigez Qomes imzalayıb.
“Azərbaycan Respublikası Hökuməti ilə Venesuela Bolivar Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Venesuelanın xarici işlər üzrə xalq hakimiyyəti naziri Delsi Rodrigez Qomes imzalayıb.
Ardınca Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ali qonağın şərəfinə rəsmi ziyafət verilib.
Bununla da Venesuela Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb.