Azərbaycanda mövcud olan multikulturalizim mühiti, tolerantlıq bütün dünya üçün nümunədir. Bunu təkcə biz yox, dünyanın nüfuzlu insanları, hətta aləmə demokratiya ixrac etdiyini iddia edən dövlətlər və onların təmsilçiləri də deyir. Azərbaycanda mövcud olan multikultural mühit beynəlxalq aləm tərəfindən alqışlanır.
Azərbaycanda multikulturalizm siyasəti, onun prinsipləri haqqında tədqiqat aparan və maraqlı araşdırmalar təqdim edən Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadi məsələlər üzrə prorektoru, YAP Azərbaycan Dövlət İqtisad Universiteti ilk ərazi təşkilatının sədri Mikayıl Zeynalov Azərbaycanda mövcud olan multikultural atmosfer və onun prinsipləri haqqında "Respublika" qəzetinə yazdığı məqalədə bu mövzunu azərbaycançılıq kontekstində təhlil edib. Alim qeyd edir ki, Avropada baş verənlərin əksinə olaraq, bu gün Azərbaycan öz multikulturalizm modelini dünyaya təqdim etməkdədir. O vurğulayır ki, Azərbaycanın bu sahədəki təcrübəsi kifayət qədər zəngindir və qədim tarixə malikdir: "Klassiklərimizin əsərlərində, şifahi xalq ədəbiyyatında və s. kifayət qədər multikulturalizm dəyərlərinə dair misallar tapmaq olar. Alim haqlı olaraq yazır ki, Azərbaycanda katolik kilsəsi, pravoslav kilsəsi, yəhudi sinaqoqu, məscidlər azad, sərbəst, təhlükəsiz, qarşılıqlı hörmət əsasında tolerantlıq şəraitində fəaliyyət göstərir: "Təbii ki, bu mühiti dövlətin apardığı siyasət və xalqın unikal daxili birgəyaşayış normalarını həyat tərzinə çevirməsi yaradıb. Tarixən müxtəlif etno-mədəni qrupların və dini konfessiyaların birgə yaşadığı məkan olan ölkəmizdə siyasi multikulturalizmin banisi ulu öndər Heydər Əliyevdir. Ulu öndər Heydər Əliyev ikinci dəfə xalqın dəvəti ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanı nəinki vətəndaş müharibəsindən qurtardı, eyni zamanda ölkəmizdə mövcud olan bütün milli azlıqları vahid azərbaycançılıq ideologiyası ətrafında birləşdirdi.
Ulu öndərin həyata keçirdiyi bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın multikulturalizm dəyərlərinə sahib olması, onu təşviq etməsi aparıcı beynəlxalq təşkilatlar və dünya birliyi tərəfindən yüksək dəyərləndirilir. Müasir gərgin beynəlxalq şəraitdə Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, praktiki, elmi, təbliğati və təşviqati istiqamətdə fəaliyyət göstərməsi xüsusi əhəmiyyət kəsb edir. Hazırda ölkəmizin təcrübəsi tədqiqat obyektidir, bir çox ölkələrdə öyrənilir və tədris edilir. Bu istiqamətdə əməkdaşlığa maraq artır və ilbəil əlaqələr genişlənir. Azərbaycan xalqı birgəyaşayış təcrübəsi və həyat tərzi ilə sübut edir ki, multikulturalizm yaşayır və onun gələcəyi var. Yalnız onu qəbul etmək, təbliğatçısı və təşviqatçısı olmaq lazımdır. Buna böyük önəm verən cənab İlham Əliyev bildirib ki, Azərbaycanın bu sahədəki təcrübəsi aparıcı beynəlxalq təşkilatlar və beynəlxalq birlik tərəfindən yüksək qiymətləndirilir: "Bu, multikulturalizmin yaşadığını, onun gələcəyinin olmasını sübut edir, sadəcə siyasətçilər, ictimaiyyətə təsir etmək iqtidarında olanlar, o cümlədən media nümayəndələri daha məsuliyyətli olmalıdırlar. Hesab edirəm ki, bu məsələdə medianın rolu daha müsbət olmalıdır. Təəssüf ki, bir çox hallarda biz xəbərlərdə qarşıdurma, qaçqın böhranı və bunlarla bağlı kadrlar görürük. Bu yanaşma yalnız təcridolunmaya gətirir. Biz buna imkan verə bilmərik. Çünki, qeyd etdiyim kimi, biz bir-birimizə bağlıyıq və eyni planetdə yaşayırıq. Artıq şahid olduğumuz kimi, Avropa ilə Yaxın Şərq arasındakı məsafə o qədər də böyük deyil. Yəni məsafə insanların sığınacaq tapmaq və öz ailələrini xilas etmək naminə oralara üz tutmağının qarşısını almır. Odur ki, multikulturalizmin müsbət nümunələri üzərində dayanmaqla bu dəyərlərin təşviqi hamımıza yardımçı olar. Çünki gələcəkdə heç bir ölkə və millət təcrid olunmuş vəziyyətdə yaşaya bilməz. Biz bir-birimizə bağlıyıq. Dünya ölkələrinin mütləq əksəriyyətinin əhalisi çoxmillətli və çoxdinlidir. Biz bununla fəxr etməliyik".
Alim bildirir ki, multikulturalizmin gələcəyinin olmadığı barədə yanlış fikirlər məhz demokratiyadan bəhs edən ölkələrin siyasətçilərindən eşidilir və həmin ölkələrin KİV-dəki materiallarında ayrıseçkilik, dini-milli dözümsüzlüyə, islamafobiyaya yol açan, qaçqınlarla, miqrantlarla bağlı neqativ və s. qızışdırıcı fikirlər yer alır. M.Zeynalovun yazdığına görə, bu cür yanaşma xalqları, dövlətləri yalnız təcridolunma vəziyyətinə çatdırır. Bununla da sabitliyin, birgəyaşayışın, sosial-iqtisadi inkişafın qarşısına çox böyük təhlükə çıxmış olur: "Biz bu gün dünyada baş verən toqquşmaların, müharibələrin, gərginliklərin əsasında da bu fərqliliklərin körükləndiyini, istifadə edildiyini aydın görürük. Dünyada çox dəhşətli hadisələr baş verir. Yaxın Şərq, Ön Asiya, Avropa böhran içindədir. Bəzi ölkələrdə həm iqtisadi, həm siyasi, həm hərbi, həm də mənəvi böhran yaşanır. Bu ölkələrin rəhbərləri bəyan etdikləri dəyərlərə sadiq qala bilmir. Azərbaycanda isə sabitlik, inkişaf, rifah, təhlükəsizlik mövcuddur. Azərbaycanın bəyan etdiyi dəyərlər göz qabağındadır. Milli-mənəvi dəyərlər, azərbaycançılıq, milli, dini dözümlülük, tolerantlıq sosial-iqtisadi inkişaf və dövlətin öz siyasi xəttinə güvənməsi davamlı inkişafın və uğurların əsas amilləridir.
Dövlət başçısı İlham Əliyevin bəyan etdiyi kimi, multikulturalizm ənənələri və tolerantlıq Azərbaycan xalqının həyat tərzi, mənəvi-əxlaqi dəyəri, Azərbaycan Respublikasının siyasətidir. Təsadüfi deyil ki, 2016-cı il ölkəmizdə "Multikulturalizm ili" elan edilib. Təhlilçilərin də fikrincə, Azərbaycanda multikulturalizm siyasəti tarixi ənənələrə söykənən milli və dini münasibətlər modeli olmaqla yanaşı, ilk növbədə mədəni müxtəlifliyin, xalqların milli-mədəni irsinin qorunması və inkişafına, onların qarşılıqlı faydalı inteqrasiyasına yönəldilib. Müxtəlif etnik mədəniyyətlər arasında ənənəvi birgəyaşayış, qarşılıqlı hörmət prinsiplərinə söykənən bu model sivilizasiyalararası və mədəniyyətlərarası dialoq prosesində Azərbaycan Respublikasının çox uğurlu missiyası və töhfəsidir.
Bu gün multikulturalizmin Azərbaycan modeli dünya xalqları arasında münasibətlərin dərinləşməsinə istiqamətlənmiş mühüm və müsbət dəyər kimi geniş və hərtərəfli şəkildə təşviq edilir. "İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd devizi altında BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu dünya miqyasında terrorizm təhlükəsi, Avropada kəskinləşən miqrasiya böhranı və cəmiyyətlərdə dözümsüzlüyün artması mühitində keçirildi. Dünyanın 140-dan çox ölkəsinin nümayəndələri planetin müxtəlif regionlarında etnik və dini zəmində baş verən qarşıdurma və toqquşmalar kimi mürəkkəb problemlərin həllinə dair vahid fikrə gəlmək üçün geniş müzakirələr apardılar və konstruktiv dialoqun inkişafına xidmət edəcək təkliflər səsləndirdilər. Çıxışlarda qaldırılan təşəbbüslər, tövsiyələr mədəniyyətlər, sivilizasiyalar arasında əməkdaşlığa, əlaqələrin güclənməsinə, qarşılıqlı anlaşmaya öz böyük töhfəsini verdi".
M.Zeynalov qeyd edir ki, Sivilizasiyalar Alyansı dünyada etimad və anlaşma yaradır və onun layihələri gənc innovatorları dəstəkləyir, jurnalistləri resurslarla təmin edir və dialoqu dəstəkləyən liderlərə hörmət edir.
Alim bildirir ki, Azərbaycanın əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olduğunu vurğulayan cənab İlham Əliyev qeyd edib ki, Azərbaycan Şərq və Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüdür: "Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar. Dini dözümlülük və multikulturalizm burada hər zaman mövcud olmuşdur. "Multikulturalizm" sözü mövcud olmadığı bir zamanda belə, həmin ideyalar daim yaşayıb. Bunun nəticəsidir ki, bu gün Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əminamanlıq şəraitində yaşayırlar. Bu bizim ən böyük sərvətimizdir və biz tariximizlə fəxr edirik. Biz müxtəlif mədəniyyətləri özündə əks etdirən tarixi abidələrimizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən biri Azərbaycanın qədim şəhəri olan Şamaxıda 743-cü ildə inşa edilmişdir. Bununla yanaşı, ən qədim kilsələrdən biri-qədim Qafqaz Albaniyası dövrünə aid kilsə də məhz Azərbaycanda, daha bir qədim şəhər olan Şəkinin yaxınlığında yerləşir. Hökumətimiz məscidlərin, pravoslav və katolik kilsələrinin, habelə sinaqoqların inşası və təmirinə maliyyə vəsaiti ayırır. Bu bizim siyasətimiz və həyat tərzimizdir. Əsrlər boyu Azərbaycan ölkəmizdə mövcud olan siyasi və sosial vəziyyətə baxmayaraq, bu sərvəti qoruyub saxlamışdır".
Alimin qeyd etdiyinə görə, dözümsüzlüyə, ayrıseçkiliyə, ksenofobiyaya, müxtəlifliyə qarşı olan qorxuya qalib gəldiyimiz gün bu mübarizədə uğur əldə edə bilərik. O yazır ki, zorakılıq tərəfdarları dini dəyərləri təhrif etməklə yaratdıqları utopiyalarla gənc nəsillərə təsir göstərir, onları fəlakətə aparır: "Bunun əvəzində yeni nəsillərə inancları, ədaləti, bərabərliyi əsas götürərək həqiqi mesajları ən doğru şəkildə öyrətməliyik. Müxtəlif dinlərin nümayəndələri olaraq bunu bacardığımızda dünyanın hamımızın birlikdə yaşaya biləcəyi yer olduğu daha yaxşı anlaşılacaq. Öz çıxışında bu fikirlərə geniş yer verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu istiqamətdə birlikdə fəaliyyət göstərməyə davam etməliyik: "Sivilizasiyalar Alyansına onun prinsip və dəyərlərinə həmişəkindən daha güclü şəkildə sahib çıxmalıyıq. XXI əsrdə bəşəriyyətin çatdığı yerin gündəmi terror təşkilatlarının müəyyən etdiyi bir sonluğa məhkum olmayacağına inanıram".
Bakı Forumu tolerantlığın və qarşılıqlı anlaşmanın təmini üçün ölkələr və xalqlar arasında əməkdaşlığı, dostluğu inkişaf etdirməyin zəruru olduğunu bir daha təsdiqlədi. Dialoq və mübadilələr müxtəlif çağırışlara cavab tədbirlərinin görülməsi üçün çoxtərəfli münasibətlər sisteminin dərinləşdirilməsinin mühüm və əhəmiyyətli olacağını göstərdi. Bu Forum özünün sülh, davamlı inkişaf hədəflərini açıq bəyan etdi.
Azərbaycan Dövlət İqtisad Universiteti də ali təhsil ocağı kimi gələcək nəsillərə multikulturalizm və tolerantlıq dəyərlərini aşılamaq məqsədilə ölkə Prezidenti cənab İlham Əliyevin prioritet elan etdiyi bu siyasətə öz dəstəyini verməkdədir. 2016-cı ildə dövlət başçısının Azərbaycanda "Multikulturalizm ili" elan olunması haqqında Sərəncamından sonra UNEC-də bununla bağlı konkret addımlar atılmaqdadır. Belə ki, bu ildən universitetimizdə bütün ixtisaslar üzrə tədris planlarına "Multikulturalizmə giriş" və "Azərbaycan multikulturalizmi" adlı fənlər daxil edilərək, tələbə və magistrlərə tədris olunmaqdadır. Eyni zamanda UNEC-də multikulturalizm və iqtisadiyyatın qarşılıqlı təsiri ilə bağlı mütəmadi "dəyirmi masa"lar, konfranslar və müzakirələr də təşkil olunur. 2016-cı ildən UNEC milli azlıqların kompakt yaşadığı iqtisadi rayonların davamlı sosial-iqtisadi inkişafı məqsədilə "Azərbaycanda multikulturalizm və sosial-iqtisadi inkişaf" mövzusunda tədqiqatların aparılması işində özünün təcrübəli iqtisadçı-ekspertlərini bu işə cəlb edib.
Bir ölkənin iqtisadi inkişafı onun mədəni inkişafı ilə düz mütənasibdir. İqtisadi inkişaf xəyali bir vakumda mədəni inkişafdan kənar mövcud ola bilməz. Bu gün Azərbaycan iqtisadi göstəricilərinə görə dünyanın qabaqcıl ölkələri sırasında öz layiqli yerini tutursa, bu həm də onun müxtəlif etno-mədəni qrupları özündə birləşdirməsi və qoruması siyasətindən də irəli gələn bir göstəricidir".
Alim yazır ki, Azərbaycan Dövlət İqtisad Universiteti Azərbaycan multikulturalizm modelini dünyaya çatdırmaq işində öz rəhbər, professor və tələbə heyəti ilə bundan sonra da Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşəcək.
M.Zeynalovun Azərbaycanda multikulturalizmin prinsiplərini azərbaycançılıq kontekstində dünya dövlətləri ilə müqayisəli şəkildə təhlil etməsi maraqlıdır. Azərbaycan çoxmədəniyyətliliyə dəstək verən, burada yaşayan bütün xalqların dilinə, mədəniyyətinə, mənəvi dəyərlərinə böyük hörmət göstərən və qayğı ilə yanaşan bir ölkədir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.