Türkiyəyə Silahlı Qüvvələrinə məxsus 8 tank, 50 zirehli texnika və 200-ə yaxın hərbçi Suriya ilə sərhədi keçərək İdlibə daxil olub. Baki-xeber.com xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bundan əvvəl KİV-lər Türkiyə Baş Qərargahına istinadən xəbər yaymışdı ki, Hatay əyalətinin Suriya ilə həmsərhəd Reyhanlı rayonuna xeyli sayda hərbi nəqliyyat vasitələri və təcili yardım maşınları cəmləşdirilir.
Məlumata görə, sərhədə cəmləşdirilən nəqliyyat vasitələri Türkiyə hərbi kontingentinin İdlibdəki təhlükəsizlik zonasına yerləşdirilməsi prosesinə cəlb ediləcək.
Türkiyənin baş naziri Binəli Yıldırım bildirib ki, Ankara Astanadakı əldə olunmuş razılaşma çərçivəsində hərəkət edir və əməliyyatları Moskva ilə koordinasiya edir.
Əməliyyat Suriyanın şimal-qərb hissəsində təhlükəsizlik rejiminə əməl olunması üzrə nəzarət zonasının yaradılması məqsədi güdür. Hərbi kontingentin İdlibdə yerləşdirilməsi prosesindən əvvəl 8-11 oktyabr tarixlərində kəşfiyyat əməliyyatı keçirilib.