ABŞ-ın ardınca İsrail dövləti də YUNESKO-dan çıxmaq yönündə qərar qəbul edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə yerli “Haaretz” qəzeti xəbər yayıb. Xəbərdə deyilir ki, İsrailin baş naziri Benyamin Netanyahu artıq bununla bağlı əlaqədar qurumlara göstəriş verib. Trampın analoji qərarını “cəsur və yüksək əxlaqi mövqe” adlandıran yəhudi baş nazir ölkəsinin ABŞ-la paralel şəkildə təşkilatı tərk edəcəyini açıqlayıb. “YUNESKO artıq absurd teatrına çevrilib. Tarixi qorumaq əvəzinə, onu təhrif etməklə məşğuldur”- deyə o, məsələyə münasibətində deyib. İsrailin YUNESKO-dakı səfiri Karmel Şama-Koen isə özünün facebook səhifəsində yazıb ki, İsrailin küncə sıxışdırılmasının ardından ABŞ təşkilatdan çıxırsa, Təl-Əviv mütləq onu müşayiət etməlidir.
Xatırladaq ki, ABŞ Dövlət Departamenti artıq ölkənin təşkilatın üzvlüyündən çıxması barədə bildirişini YUNESKO-ya təqdim edib. Qərar 2018-ci ilin 31 dekabr tarixində qüvvəyə minəcək. Xəbərdə o da bildirilir ki, 2011-ci ildə Fələstinin üzvlüyünə etiraz edən ABŞ burada səsvermə hüququndan məhrum edilib. İsrailin məhz bu mövqeyinə görə ABŞ-la yanaşı hərəkət etdiyi aşkardır. Təşkilatın büdcəsində ABŞ-ın payı isə 22% təşkil edir.