Dünyanın və bütün Avropanın göz və qulağı İspaniyanın müstəqillik elan etməyə hazırlaşan bölgəsi Katalonyaya yönəlib. Baki-xeber.com xəbər verir ki, Kataloniya lideri Carles Puigdemont bu gün səhər saatlarında yerli rəsmilərlə görüş keçirib. Bir neçə saatdan sonra isə onun yerli məclisdə çıxış edəcəyi gözlənilir.
Bölgədə təhlükəsizlik tədbirləri də ən yüksək səviyyəyə qaldırılıb.
Polis parlament binasının da olduğu Ciutedella Parkına girişləri bağlayıb. Park ətrafındakı yolları bağlayan təhlükəsizlik qüvvələri şəhər əhalisinin sənədlərini yoxladıqdan sonra onların keçişinə icazə verir. Bölgədəki kanalizasiya quyuları da bir-bir yoxlanır.
Son məlumatlara görə, müstəqillik tərəfdarı qruplar parlamentin qarşısında toplaşmağa başlayıblar. Müstəqillik tərəfdarı çox sayda fermer isə traktorlarla Barselonaya gəlib. Polis müstəqillik tərəfdarları ilə əleyhdarlarının ehtimal olunan toqquşmasına qarşı tədbirlər görür.
Katalon millət vəkillərindən biri BBC-yə bildirib ki, Puigdemont birtərəfli müstəqillik əvəzinə simvolik çıxış edəcək.
Ancaq katalon lider, müstəqillik elan etsə də etməsə də, millət vəkillərinin qarşısında 48 saatlıq kritik bir vaxt başlayacaq. Bu iki gündə parlament bölgənin müstəqilliyini elan edə bilər.
“Bloomberq” Madrid hökumətinə yaxın iki ayrı mənbəyə istinadən məlumat yayıb ki, İspan polisi, müstəqillik elan ediləcəyi halda Kataloniyanın lideri Carles Puigdemontu həbs edəcək. Qeyd edilir ki, artıq bununla bağlı hazırlıqlar da görülüb.
Bundan başqa, yerli polisin ehtimal olunan, Puigdemontun həbsinin qarşısını almaq cəhdinə qarşı bölgəyə çox sayda əlavə təhlükəsizlik qüvvələri göndərilib.
Bu arada Barselona bələdiyyə başçısı Ada Kalou da katalon lider Puigdemontu müstəqillik elan etməməyə çağırıb.
Hazırda Katalonya ikiyə bölünmüş vəziyyətdədir – bir tərəfdə müstəqillik istəyənlər, digər tərəfdə İspaniyadan ayrılmağa qarşı çıxanlar.
Avropa Birliyinin üzvləri Fransa və Almaniya bölgənin müstəqilliyinə qarşı olduqlarını bildirib. Rəsmi Parıs müstəqil Katalonyanı tanımayacağını da açıq bəyan edib.
XXX
Kataloniya rəhbəri Karles Puçdemon parlamenti müstəqillik elan etməyi dayandırmağa çağırıb. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, Karles Puçdemon bu barədə Kataloniya parlamenti qarşısında çıxışı zamanı bildirib.
K.Puçdemon, razılaşdırılmış qərarın qəbul edilməsi üçün rəsmi Madridlə dialoqa başlamağın lazım olduğunu qeyd edib.
“Razılaşdırılmış danışıqlara nail olmağa kömək edəcək dialoqun başlanılması üçün parlamentə müstəqillik haqqında bəyannamənin qüvvəyə minməsini təxirə salmağı təklif edirik”, - deyə Puçdemon qeyd edib.
Bununla belə o vurğulayıb ki, səsvermənin nəticələri regionun müstəqil respublika olmasına haqq qazandırıb. Onun sözlərinə görə, Madrid Barselona ilə danışıqlar zamanı referendumun nəticələrini nəzərə almalıdır. Kataloniya rəhbəri bəyan edib ki, region İspaniyadan ayrılaraq müstəqil dövlət olmağa haqqı var.
“Milyonlarla vətəndaş hesab edir ki, Kataloniyanın dövlət elan edilməsi bölgənin özünüidarəetməsinin qorunub saxlanılması üçün yeganə yoldur”, - deyə Puçdemon qeyd edib.
Kataloniya rəhbəri, heç kimi şantaj və ya təhqir etmək niyyətində olmadığını vurğulayıb.