Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsi ölkədə çevriliş hazırlıqlarında şübhəli bilinən “Mekençil” partiyasının üzvü Melis Aspekovun gözaltına alınması ilə bağlı açıqlama yayıb.
Baki-xeber.com-un RİA”Novosti”yə istinadən xəbərinə görə, açıqlamada deyilir ki, siyasətçi ölkədə 15 oktyabrda keçiriləcək prezident seçkilərinin ardından hakimiyyəti ələ keçirməyə cəhdin təşkil edilməsində təqsirli bilinir. Onun bu məqsədlə ayrı-ayrı şəxslərlə əlbir olaraq respublikada stabilliyin pozulması yönündə planlar qurduğu bildirilir.
Qurumdan həbslə bağlı verilən açıqlamada deyilir ki, “Qırğızıstan” partiyasının lideri, bir həftə öncə gözaltına alınan deputat Kanatbek İsayevlə və “Respublika” partiyasının bir sıra üzvləri ilə birlikdə Aspekov prezident seçkiləri zamanı və sonrası ölkədə kütləvi iğtişaşlar yaratmaq üçün tərəfdarlar toplamağa cəhdlər edib.
Göstərilən səbəblərlə siyasətçi barəsində “kütləvi iğtişaşlar yaratmaq” və “hakimiyyətin zorla ələ keçirilməsinə hazırlıq” maddələrilə cinayət işi açılıb.
Xəbərdə o da bildirilir ki, 10-11 oktyabr tarixlərində Soçidə MDB dövlət başçılarının toplantısına hazırlaşan prezident Almazbek Atambayev ölkədə çevriliş hazırlıqları səbəbindən səfərini təxirə salıb.