ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun daha bir əməkdaşı barədə həbs qərarı verilib. Baki-xeber.com xəbər verir ki, haqqında həbs qərarı verilən baş konsulluq əməkdaşının həyat yoldaşı və övladının ifadəsi alınır. Həmin şəxs hazırda baş konsulluqdadır, binanı tərk etmir.
Qeyd edək ki, ötən gün ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzun həbsi səbəb olub. M. Topuz FETÖ terror təşkilatı ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilib. Türkiyə də rəsmi Vaşinqtonun qərarına cavab olaraq ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb.
Viza böhranından sonra iki ölkə arasında ilk təmas da yaradılıb. Belə ki, ABŞ-ın Ankaradakı səfiri Con Bass şəhərdən kənarda olmasına görə, səfirliyin müşaviri Filip Kosnett Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Ona bu ölkənin Türkiyədə viza prosedurlarının dayandırılması qərarının ləğv edilməsinin vacibliyi çatdırılıb.
O da bildirilir ki, ABŞ səfiri Con Bass Türkiyə ədliyyə naziri ilə görüşmək istəyib. Ancaq nazir ABŞ səfirinin görüş təklifini qəbul etməyib.