İspaniyanın Kataloniya vilayətində müşahidə edilən müstəqillik cəhdi Avropada "domino" effekti yaradır. Belə ki, İspaniyada yaşanan Kataloniya gərginliyinin ardından Avropa ölkələrini narahat edən separatçı hərəkatların ilk səsləri Almaniyadan yüksəlməyə başlayır.
Baki-xeber.com xəbər verir ki, bu dəfə Almaniyanın ən zəngin əyalətlərindən biri olan Bavariyanın müstəqillik üçün addım atmağa hazırlaşdığına dair xəbərlər yayılıb.
“Junge Welt” qəzeti yazır ki, 1946-cı ildə əyalətdə qurulan Bavariya Partiyası belə bir təkliflə çıxış edib. Artıq onlar Almaniyadan ayrılmaq üçün kampaniyaya da başlayıb.
Qəzet yazır ki, sözügedən partiya Bavariya əyalətində yaşayanların almanlardan fərqli dildə danışmalarını kart kimi istifadə edəcək. Hətta onların yaxın günlərdə Avropa Məhkəməsinə müraciət edərək, Bavariya dilinin alman dilindən fərqli dil olmasına dair qərar çıxarılmasına nail olmağa çalışacaqları bildirilir.
Artıq partiya özünün "Facebook" səhifəsində Almaniyadan ayrılmaq istədiklərini rəsmən bəyan edib. "Almaniyadan ayrılıb müstəqil dövlət qurmaq bizim də haqqımızdır" – deyə səhfədə bildirilir.
Bavariya coğrafi baxımdan Almaniyanın ən böyük bölgəsidir və əhali baxımından da ikinci ən böyük əyalətdir. Bölgə alman avtomobil sənayesinin əsas mərkəzi hesab olunur.
Qeyd edək ki, ötən il Bavariyanın ayrılmasına dair referendumun keçirilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edilib. Ancaq məhkəmə Bavariyanın Almaniya Federativ Respublikasından ayrılmasına dair referendumun keçirilməsini rədd etmişdi.