ABŞ prezidenti Donald Tramp gələn həftə iranla əldə olunmuş beynəlxalq nüvə anlaşmasının dayandırıldığını elan etmək niyyətindədir.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “The Washington Post”-un xəbərində deyilir. Xəbərə görə, bu addım ABŞ-ın İrana qarşı yeni sanksiyalar dalğasının əsasını qoyacaq. Nəşrin xəbərində deyilir ki, ABŞ prezidenti oktyabrın 12-də verəcəyi açıqlamada nüvə razılaşmasının ölkəsinin maraqlarına niyə cavab verməməsinə aydınlıq gətirəcək. Tramp Konqresin bu məsələdə ona dəstək verəcəyinə ümid edir.
Ağ Evin mətbuat katibi Sara Sanders ənənvi gündəlik brifinqdə qeyd edib ki, Tramp artıq bu barədə qərar qəbul edib və bu günlərdə qərar ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, daha öncə Tramp İrana, xüsusilə İslam Respublikası hökumətinin Suriya və İraq mövzusunda yürütdüyü siyasətə qarşı daha sərt addımların atılacaını bəyan etmişdi.
Onu da xatırladaq ki, ötən il yanvarın 16-da əldə olunan nüvə razılaşması ilə əlaqədar Qərb ölkələri İrana tətbiq etdikləri sanksiyaları qaldırmağa başlamışdı, lakin 2017-ci ilin iyulunda ABŞ Konqresi Tehrana qarşı yeni sanksiyaları nəzərdə tutan qanun qəbul etdi. Avqust ayında isə İran prezidenti, Vaşinqton yeni sanksiyalar tətbiq edərsə, nüvə razılaşmasını pozacağını bəyan etdi.