ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı FETÖ ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilib. APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, FETÖ ilə bağlı aparılan istintaq çərçivəsində barələrində cinayət işi başladılan keçmiş polis əməkdaşları Yakup Sayğılı, Nazmi Ardıç, Mahir Çakallı, Mehmet Akif Üner və keçmiş prokuror, Türkiyədən qaçdığı üçün hazırda axtarışda olan Zəkəriyyə Özlə işbirliyi təsbit edilən ABŞ Baş konsulluğunun əməkdaşı Metin Topuz barəsində həbs qərarı verilib.
O, Konstitusiya qaydalarını pozmaqda, Dövlətin təhlükəsizliyi, xarici və daxili siyasi mənfəət baxımından gizli qalması vacib olan məlumatları ötürməklə casusluq etməkdə və Türkiyə hökumətini devirmək təşəbbüsündə təqsirli bilinir.
ABŞ-ın Türkiyədəki səfirliyi ABŞ Konsulluğu əməkdaşının bu ölkədə həbs olunmasına münasibət bildirib. Səfirliyin yaydığı açıqlamada ABŞ-ın hadisə ilə bağlı narahatlığı ifadə edilib. Qeyd olunub ki, həbs olunan şəxsə qarşı irəli sürülən ittihamlar əsassızdır: “Həmin şəxsin məhkəmədə yox, mətbuatda mühakimə olunmasından narahatıq. ABŞ Amerika hökuməti əməkdaşlarına, Türkiyədəki ABŞ vətəndaşlarına qarşı Türkiyə qanunlarına və beynəlxalq hüquqa uyğun davranılmasını təmin etmək üçün Türkiyə hökuməti ilə danışıqları davam etdirəcək”.