Rusiya Hərbi Kosmik Qüvvələri Suriyada “Cəbhət ən-Nüsra” terrorçu qruplaşmasının 12 komandirini məhv edib, qruplaşmanın başçısı Əbu Məhəmməd əl-Culyani isə ağır vəziyyətdədir.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə TASS xəbər agentliyi RF Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkova istinadən informaiya yayıb. Xəbərə görə, rus kəşfiyyatı oktyabrın 3-də qruplaşma rəhbərliyinin başçının iştirakı ilə toplantı keçirəcəyi barədə məlumat əldə edib və toplantının yeri və vaxtını müəyyən edib. Toplantı yerinin havadan atəşə tutulması üçün həmin vaxtda Rusiya aviasiyasının Suriyadakı növbətçi Su-34 və Su-35-ləri havaya qaldırılıb. Bir neçə kanal vasitəsilə qruplaşma rəhbərliyinin toplantıya qatıldığı dəqiqləşdirildikdən sonra məkan atəşə tutulub.
Nazirlikdən verilən xəbərə görə, əməliyyat nəticəsində ümumilikdə 50 nəfərə yaxın terrorçu məhv edilib. Onların arasında 12 səhra komandiri və əl-Culyaninin yaxın adamı olan köməkçisi, qruplaşmanın təhlükəsizlik xidməti rəisi Əhməd əl-Qizai də var.