"BMT Təhlükəsizlik Şurası qərarlarına riayət olunması bütün ölkələr üçün prioritet olmalıdır". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Kremldə xarici ölkə səfirlərinin etimadnamələrini qəbul edərkən deyib.
O bildirib ki, BMT Baş Assambleyasının sessiyasında dünya ictimaiyyətinin qarşılaşdığı hədə və təhlükələrin sayının artması barədə həyəcan təbili çalınıb: "Qeyri-sabitlik şəraitində bütün ölkələr beynəlxalq sülhü və təhlükəsizliyi dəstəkləməkdə başlıca məsuliyyət daşıyan BMT Təhlükəsizlik Şurasının qərarlarına hörmət, hüququn aliliyinə riayət etməlidirlər".
"BMT regional münaqişələrə xüsusi diqqət ayırmalıdır" - deyə Putin bildirib. "BMT regional münaqişələrin həllinə, onların möhkəm, dayanıqlı və uzunmüddətli nizamlanmasının təmin olunmasına xüsusi diqqət ayırmalıdır", - deyə o, vurğulayıb.
"Kataloniyada referendumun keçirilməsi İspaniyanın daxili işidir. Moskva ümid edir ki, İspaniya referendumdan sonra yaranan böhranın öhdəsindən gələcək". Bunu da Rusiya prezidenti deyib. "Biz İspaniyaya görə çox narahatıq. Lakin bu, əlbəttə ki, İspaniya hökumətinin daxili işidir. Ümid edirik ki, İspaniya böhranın qarşısını almağa nail olacaq", - deyə o, söyləyib.
Qeyd edək ki, V. Putin bu gün Kremldə 20 ölkənin yeni səfirlərinin etimadnaməsini qəbul edib. Yeni təyin olunan səfirlər arasında ABŞ səfiri Con Hantsman da var.