Qətərin Qatar Airways kompaniyası da, digər daşımaçı şirkətlərin ardından İraq hökumətinin tələbilə İraq Kürdüstanına uçuşları dayandırmaq barədə qərar qəbul edib.
Baki-xeber.com-un xəbərinə görə, aviakompaniya bu barədə özünün saytında məlumat yerləşdirib. Məlumatda deyilir ki, İraqın mülki aviasiya idarəsinin xahişilə sentyabrın 29-dan Ərbil və Süleymaniyyə şəhərlərinə və əks istiqamətdə uçuşlar dayandırılır. Hələlik uçuşların oktyabrın 1-nə kimi dayandırıldığı deyilən açıqlamada sonrakı mərhələnin hadisələrin gedişindən asılı olacağı bildirilir.
Xatırladaq ki, sözügedən və əks istiqamətdə uçuşların dayandırılması ilə bağlı daha öncə Türkiyənin Turkish Airlines, Atlas Global və Pegasus, ardınca Livanın Middl East Airlines, Misirin EgyptAir, İordaniyanın Royal Jordanian və BƏƏ-nin Flydubai və Air Arabia şirkətləri qərar qəbul edib.