İraq Kürdüstanının rəhbərliyi ərazisindəki aeroportların və sərhəd-keçid məntəqələrinin 72 saat ərzində Bağdadın nəzarətinə verilməsilə bağlı İraq hökumətinin tələbini rədd edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Sky News Arabia xəbər yayıb. “İraq hökumətinin aeroportların onun nəzarətinə verilməsilə bağlı tələbi yersizdir və biz onların idarəçiliyini davam etdirəcəyik”- deyə Kürd Muxtariyyətinin nəqliyyat naziri Mövlud Baumarad bildirib. O deyib ki, Bağdad öz işini lazımi səviyyədə görmür və avianəqliyyatın hərəkətinə əngəl törətməsi qanunsuzluqdur.
İraqın Baş naziri Heydər Əl-Abadi isə bildirib ki, tələbləri yerinı yetirilməzsə, 3 sutka ərzində İraq Kürdüstanına gələn və gedən təyyarələrin uçuşuna qadağa qoyulacaq. Söhbət həm də Kürd Muxtariyyətinin İraq, İran və Türkiyə ilə hüdudlarındakı sərhəd keçid məntəqələrindən gedir.
Xatırladaq ki, İraqın şimal və şimal-şərq hissəsindəki Dahuk, Süleymaniyyə və Ərbil əyalətlərinin daxil olduğu Kürd Muxtariyyəti bazar ertəsi müstəqillik referendumu keçirib və İraqın mərkəzi hakimiyyəti buna qarşı çıxaraq baş verənləri qanunsuzluq adlandırıb. Onunla yanaşı Türkiyə və İran da referenduma sərt təpki verib və nəticələrin tanınmayacağını bildirib. ABŞ və bir sıra Qərb ölkələri isə indiki dönəmdə bunu yersiz addım adlandırıb.