Bağdad, üç gün ərzində Muxtariyyət ərazisindəki aeroportları onun nəzarətinə verməzsə, Kürd Muxtariyyətilə beynəlxalq aviadaşımaları dayandırmaq niyyətindədir.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə yerli “Əs-Sumariyə” agentliyi federal hökumətin qərarına əsasən xəbər yayıb. Xəbərə görə, ölkənin Nazirlər Kabineti çərşənbə axşamı keçirdiyi müşavirəsində bu barədə qərar qəbul edib.
Xəbərdə o da bildirilir ki, daha öncə İraqın Nazirlər Kabineti Kürd Muxtariyyətindən ərazisindəki bütün sərhəd-keçid məntəqələrini və aeroportları onun nəzarətinə verməyi, xarici dövlətlərdən isə Muxtariyyətlə neft sahəsində əməkdaşlığı dayandırmağı tələb edib.
Xatırladaq ki, İraq Kürd Muxtariyyəti bazar ertəsi özünün müstəqilliyilə bağlı referendum keçirib. İraq hökuməti isə bunu qeyri-legitim adlandırıb və Muxtariyyətlə bu mövzuda danışıqlar aparmayacağını bəyan edib. Eyni zamanda Türkiyə, İran, ABŞ kimi ölkələr və BMT referendumun keçirilməsinə qarşı çıxıb.