İraq parlamenti ölkənin neftlə zəngin Kərkük bölgəsinə hərbi qüvvələrin yerləşdirilməsi haqqında qərar qəbul edib. Baki-xeber.com xəbər verir ki, parlament Kərkükdəki neft quyularının da mərkəzi hakimiyyətin nəzarətinə verilməsi haqqında qərar qəbul edib.
Bu barədə İraq parlamentinin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Hakim Zamili bildirib ki, “referendum”da səs verən dövlət məmurlarının da işdən kənarlaşdırılmasına qərar verilib: “Parlament İraqın şimalındakı yerli hökumətin nəzarəti altında olan bütün sərhəd-keçid məntəqələrinin bağlanmasına dair də qərar qəbul edib”.
Bundan başqa, rəsmi Bağdad vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədi ilə hökumətin Kərküklə yanaşı, mübahisəli başqa bölgələrə də hərbi qüvvə yeridilməsinə qərar verib.
Kərkükün separatçı qubernatoru Necmeddin Kerim isə, Bağdadın referenduma qatılan bölgəyə ordu yeritməsi qərarına hədələyici tonda cavab verib. "İraq parlamenti belə qərarlar verir, amma heç kim onları tətbiq edə bilməz. Millət vəkilləri özlərindən bu qədər əmindirlərsə, Kürdüstana gəlsinlər, baxaq" deyə Kerim bildirib.