Tehran İraq Kürdüstanı və əks istiqamətdə uçan təyyarələrə hava məkanını bağlayıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə ingilisdilli “PressTV” xəbər yayıb. Xəbərə görə, bu barədə qərar İranın Milli təhlükəsizlik şurası tərəfindən İraq Kürdüstanında keçiriləcək müstəqillik referendumu ilə bağlı Mərkəzi İraq hökumətinin istəyi əsasında qəbul olunub. Tehran bu planlara mənfi reaksiya verib.
Qeyd edək ki, İraqın federal məhkəməsi ötən həftənin bazar ertəsi İraq Kürdüstanına sözügedən referendumun keçirilməsini qadağan edib. İraq Baş naziri Heydır ıl-Abadi isə bildirib ki, referendumun keçirilməsi İraq konstitusiyasına ziddir və onun nəticələri tanınmayacaq. Ardınca iraq parlamenti də referendumun keçirilməsinə qarşı çıxıb.
İraq kürdlərinin referendum niyyəti xaricdə də xoş qarşılanmayıb və bir sıra ölkələr onu tənqid edib. ABŞ müdafiə naziri Cim Mettis hələ avqust ayında İraq Kürdüstani lideri Məsud Bərzanini referendum qərarını ertələməyə çağırıb. Bazar günü isə Türkiyənin Baş naziri Binəli Yıldırım deyib ki, İraq Kürdüstanının keçirmək istədiyi referendum Ankara üçün heç bir şey ifadə etmir.