İran İraqda separatçı referenduma hazırlaşan kürd muxtariyyətinin Ərbil şəhərinə bağlı dağlıq sərhəd bölgələrini bombalamağa başlayıb.
Baki-xeber.com xəbər verir ki, bu barədə “Kürdüstan Vətənpərvər Birliyi” məlumat yayıb. Açıqlamada bildirilir ki, İran 6 kəndi top atəşinə tutub. Bombalanma nəticəsində hər hansı bir itki barədə məlumat verilmir.
Hadisələrin indiki vaxtda, Tehranın da qarşı çıxdığı və sabah keçirilməsi planlaşdırılan "konstitusiyaya zidd" referendum öncəsi yaşanması diqqəti çəkir. İran əvvəllər də özünə müxalif gördüyü İran-Kürdüstan Demokrat Partiyasına bağlı peşmerge qüvvələrini səbəb göstərərək, dağlıq sərhəd bölgələrini bombalamışdı.
Bu arada, İran dövlət televiziyası IRIB-in yaydığı məlumata görə, İran sərhəddə hərbi təlimlərə başlayıb. Təlimlər İraqın kürd bölğəsi ilə sərhəd olan Qərbi Azərbaycan vilayətinin Uşnaviya şəhərində keçirilir.
Əvvəldən planlaşdırılmış təlimlər 1980-88-ci illər arasında baş vermiş İran-İraq müharibəsinin başlanmasını anmaq məqsədilə təşkil olunub. Ancaq İraq kürlərinin separatçı referendumuna saatlar qalmış başlayan bu təlimlər, Tehranın Ərbilə mesajı kimi də qəbul edilir.