Xəbər verildiyi kimi dünən Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib. Baki-xeber.com xəbər verir ki, Təhlükəsizlik Şurası İraq Kürd Regional Rəhbərliyinin (İKRR) müstəqillik məqsədi ilə sentyabrın 25-də referendum keçirmək barədə qərarını müzakirə edib.
TTŞ İraq Kürd Regional Rəhbərliyini mövcud problemləri mərkəzi Bağdad hökuməti ilə dialoqlar və Konstitusiya uyğun həll etməyə dəvət edib. Bunun üçün Türkiyə bütün imkanlarını sərf etməyə hazırdır.
Bildirilir ki, BMT Təhlükəsizlik Şurasının, beynəlxalq ictimaiyyətin və İraq hökumətinin referendumla bağlı qanuni tələblərinin pozulması Şimali İraq da daxil olmaqla, bölgədə ciddi təhlükələr yaradacaq. İKRR referendumu keçirməyə israr etdiyi halda Türkiyə ikitərəfli münasibətlər və beynəlxalq konvensiyalara dair anlaşmalar əsasında öz təhlükəsizliyini təmin edəcək.
Təhlükəsizlik Şurasının toplantısının yekun bəyanatını şərh edən hakim partiya, AKP-dən olan millət vəkili Şamil Tayyar bildirib ki, İraq bölünəcəyi halda Türkiyənin Kərkük və Mosula girməsinin yolu açılır: "Təhlükəsizlik Şurasının bəyanatını tərcüməsi budur - əgər İraq bölünsə və sərhəd dəyişikliyi baş versə, Türkiyə Ankara müqaviləsinə uyğun olaraq Mosul və Kərkükə girəcək".