İraq Kürdistanı Yerli İdarəçiliyinin rəhbəri Məsud Bərzani heç nəyə baxmayaraq, sentyabrın 25-də referendumun baş tutacağını açıqlayıb. APA-nın “Rudaw”a istinadən verdiyi məlumata görə, Duhok bölgəsinin Amedi qəsəbəsində referendumla bağlı dəstək tədbiri keçirilib.
M. Bərzani kürd xalqını heç kəsi dinləməməyə çağırıb: “Kənardakılar deyil, yalnız Kürdüstan xalqı referenduma qanunilik qazandıracaq, Bu səbəbdən heç kəsin sözünü dinləməyin, referenduma gedirik”.
Baki-xeber.com xəbər verir ki, iki gün əvvəl ABŞ, Böyük Britaniya və BMT nümayəndələri Bərzaniyə referendumu təxirə salmaq qarşılığında alternativ təklif veriblər. Bərzani də təklifin dəyərləndirilə biləcəyini demişdi. Alternativ təklifin nələrdən ibarət olduğu da açıqlanmır. Ancaq Bərzaninin son açıqlaması onun ABŞ, Böyük Britaniya və BMT-nin alternativ təklifini rədd etdiyini göstərir.
Qeyd edək ki, M. Bərzani sentyabrın 25-də İraq Kürdistanında müstəqillik referendumunun keçirilməsi barədə birtərəfli qərar qəbul edib. İraq hökuməti və parlamenti referendumun qanunsuz olduğunu bildirir. Türkiyə və ABŞ M. Bərzanini referendumu ləğv etməyə, bəzi Qərb dövlətləri isə təxirə salmağa çağırıb.