Böyük Britaniyanın paytaxtı Londonda metroda partlayış baş verib. Trend-in məlumatına görə, partlayış qatarlardan birində qeydə alınıb.
Trend-in məlumatına görə, vaqonlardan birində ağ plastmas vedrənin partladığı, yaxınlıqdakı insanların yanıq xəsarəti aldığı bildirilir.
Ölkə Səhiyyə Nazirliyinin milli sistemi qeyd edib ki, təcili tibbi yardım tərəfindən xəstəxanalara 18 nəfər aparılıb, daha bir neçə nəfər isə özü sərbəst şəkildə həkimlərə müraciət ediblər.
İnsident baş vermiş "Parsons Green” metro stansiyasının ətrafı nəzarətə götürülüb. Stansiyanın 100 metrliyində yerləşən bütün binaların sakinləri evakuasiya edilib. Həmin ərazidə yerləşən məktəblərdə isə dərslər dayandırılıb.
Hadisə zamanı yaralananların sayının 22-ə çatdığı bildirilir.
“İlkin məlumatlara görə, Londonda baş vermiş terror aktı nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hikmət Hacıyev deyib.
Azərbaycanın Böyük Britaniyadakı səfirliyi yerli hüquq-mühafizə orqanları və hökumət nümayəndələri ilə daim əlaqədədir.
H.Hacıyev vurğulayıb ki, hər hansı bir məlumat olacağı təqdirdə nazirlik onu təqdim edəcək.