Almaniyanın “Fokus” jurnalı Rusiya prezidenti Vladimir Putin haqqında bu günlərdə səhifələrində yer almış təhqiramiz ifadəyə görə üzr istəyib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Rusiyanın Berlindəki attaşesi Denis Mikerin özünün “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazib. Onun sözlərinə görə, sentyabrın 14-də jurnalın baş redaktoru Robert Şnayder diplomatik nümayəndəliyə zəng edərək, başçılıq etdiyi nəşrin səhifələrində Putinin ünvanına təhqiramiz ifadənin yer almasından üzüldüyünü bildirib, əmin edib ki, redaksiya heç bir halda Rusiya prezidentini təhqir etmək və ya onu incitmək fikrində olmayıb.
Xatırladaq ki, söhbət Almaniya kansleri Angela Merkelə həsr olunmuş materialdan gedir. Həmin materialda Merkel “Putinin itindən deyil, Putin itindən” qorxduğunu bildirmişdi. Jurnalın nümayəndəsi Alis Vaqner isə bunun söz oyunu olduğunu, ortada heç kəsi incitmək və təhqir etmək niyyətinin olmadığını bildirmişdi.
Sentyabrın 12-də Rusiya səfirliyi sözügedən fraza ilə bağlı Şnayderdən üzrxahlıq tələb edib. Ertəsi gün isə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, materialda Putinin təhqir edilməsi yolverilməz olmaqla yanaşı, nəşrin reytinqinə də ciddi kölgə salır.