Avropa İttifaqına (Aİ) 2025-ci ilədək Avropa Müdafiə İttifaqı yaratmaq lazımdır. “Trend”-in məlumatına görə, bunu Avropa Komissiyasının sədri Jan-Klod Yunker Strasburqda Avropa Parlamentinin plenar sessiyasında çıxışı zamanı deyib.
O qeyd edib ki, bunu avropalılardan NATO da istəyir: "Müdafiə sahəsində böyük səylər tələb olunur. Avropa Müdafiə İttifaqının yaradılması gündəlikdə var. 2025-ci ilədək bizə fəaliyyətdə olan belə bir birlik lazımdır".
“2019-cu ilədək Avropa İttifaqına (Aİ) yeni üzv qəbul edilməyəcək”. APA-nın “TASS” Agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə də Avropa Komissiyasının sədri Jan Kloud Yunker bildirib. Sədr qeyd edib ki, hazırda heç bir namizəd buna hazır deyil: “Lakin gələcəkdə Avropa İttifaqının tərkibinə 27-dən çox ölkənin qoşulacağı gözlənir”.
Yunker əlavə edib ki, Türkiyənin də gələcəkdə Aİ-yə üzvlüyü istisnadır. O, Aİ-yə üzv olmaq istəyən dövlətlərə mesaj göndərib. Komissiya sədri bildirib ki, Aİ-yə üzv olmaq üçün müraciət edən hər bir dövlət ərazisində hüququn, ədalətin və insan haqlarının üstünlüyünü prioritet halına gətirməlidir.
“Avropa İttifaqı keçmiş Yuqoslaviya ölkələri - Serbiya, Bosniya və Herseqovina, Monteneqro, Makedoniyanın inteqrasiya siyasətini rədd etmir. Çünki onları eyni region - Qərb Balkanları kimi qəbul edirik. Düşünürəm ki, sərhədlərimizdə daha çox sabitlik arzulayırıqsa, biz Qərb Balkanları üçün genişlənmə perspektivini saxlamalıyıq”, - deyə o əlavə edib.
“Avropa İttifaqı Şurası və Avropa Komissiyası sədrlərinin funksiyaları birləşsə, Avropa İttifaqının effektivliyi artar”. Bu bəyanatla da Avropa Komissiyasının sədri Jan Klod Yunker Avropa Parlamentinin iclasında çıxış edib.
“Bu təklif məmnuniyyətlə, sıx və qarşılıqlı əməkdaşlıq şəraitində birgə işlədiyim dostum Donald Tuska yönəlik deyil. Bu təklifin nə mənə, nə də ona aidiyyəti var”, - deyə o bildirib.
Yunker qeyd edib ki, Avropa gəmisi bir kapitan tərəfindən idarə olunarsa, Avropanın mənzərəsi daha aydın olar: “Avropa İttifaqının icra hakimiyyətinə bir nəfərin rəhbərlik etməsi İttifaqın eyni anda həm dövlətlərin, həm də vətəndaşların birliyi kimi əsl mahiyyətinə daha yaxşı təsir göstərmiş olardı”.