Qrenlandiya böhranı səbəbindən gərginliyin pik həddə çatdığı bir vaxtda Belçika Baş naziri Bart De Vever ABŞ Prezidenti Donald Trampı ara seçkilərlə bağlı hədələyib.
ABŞ-da qarşıdan gələn seçkiləri xatırladan De Vever Trampa birbaşa meydan oxuyaraq deyib: "Bu qədər, artıq bəsdir. Geri çəkilin, yoxsa sonuna qədər gedəcəyik".
Dünya İqtisadi Forumunda iştirak üçün getdiyi Davos şəhərində çıxış edən De Vever, Avropanın öz texnoloji platformalarını qurmasa, ABŞ-ın təzyiqinə qarşı həssas qalacağını söyləyib.
"Əgər öz texnoloji platformalarımızı qurmasaq, Tramp bizimlə oynamağa davam edəcək. O, bizi kölələşdirə bilər", - deyə o bildirib.
Belçika Baş naziri bir NATO ölkəsinin digər NATO ölkəsini hərbi müdaxilə ilə hədələməsinin görünməmiş bir hal olduğunu bildirib. "Əgər kimsə NATO ərazisini ələ keçirməklə hədələyirsə və bunu ticarət müharibəsi ilə dəstəkləyirsə, biz də ticarət müharibəsini başladarıq", - deyə o bildirib.
De Vever vurğulayıb ki, Avropa müdafiə, bazar inteqrasiyası və yeni ittifaqlar sahəsində təcili tədbirlər görməlidir. O, Avropa liderlərinə açıq çağırış edərək deyib: "Oyanmalıyıq, yenidən silahlanmalıyıq, bazarımızı güc alətinə çevirməliyik"
Baş nazir ABŞ-dakı transformasiyanın yalnız Trampla məhdudlaşmadığını bildirib. "Amerikanın üzü Sakit Okeana, arxası Atlantikaya yönəlib. Bu, Trampdan sonra da dəyişməyəcək" deyən De Vever, Avropanın uzunmüddətli strategiya qurmasının vacibliyini vurğulayıb.
Belçika Baş naziri Trampın təzyiq siyasətinin 22 yanvarda keçiriləcək AB Liderləri Zirvəsində müzakirə olunacağını açıqlayıb. Ticarət müharibəsinin həm Avropa, həm də ABŞ üçün dağıdıcı olacağını deyən De Vever, buna baxmayaraq geri addım atmayacağı mesajını verib.
TAHİR