İsrailin, Suriyadan təhlükəsizlik zəmanəti müqabilində Qolan təpələri və Hermon dağında qurduğu doqquz dayaq məntəqəsindən geri çəkiləcəyinə söz verdiyi iddia edilir.
"Yedioth Ahronoth" qəzeti yazır ki, Təl-Əviv administrasiyası işğal olunmuş ərazilərdən çəkilməyəcəyini bildirsə də, İsrail ordusu bu istiqamətdə bəzi addımlar atmağa başlayıb.
Təl-Əviv və Dəməşq arasında danışıqlarda Suriyadan təhlükəsizlik zəmanəti müqabilində, İsrail ordusunun Suriyaya qarşı hava hücumları etməməyə zəmanət verəcəyi, Qolan təpələri və Hermon dağında qurduğu doqquz dayaq məntəqəsindən geri çəkiləcəyi irəli sürülüb.
Bəəs rejimi dövründə İsrail ordusunun Suriya hava məkanında hərəkət azadlığına malik olduğu və Dəməşq administrasiyasının bu azadlığın aradan qaldırılmasını tələb etdiyi qeyd edilir. Həmçinin, ölkədə BƏƏS rejimi dövründən qalma Rusiya radarlarının və digər silahların hələ də mövcud olduğu və razılaşma əldə edilərsə, İsrailin onlara bir daha hücum edə bilməyəcəyi bildirilir. Digər mübahisəli məqam isə Suriya hökumətinin Suriya dürzlərinə İsrail yardımının azaldılması tələbidir.
İddia edilirdi ki, İsrail hərbi zabitləri, İordaniya və Suriyadan gələ biləcək 7 oktyabra bənzər potensial hücuma qarşı siyasi rəhbərliyə Qolan Təpələrindəki işğal olunmuş ərazilərdən çəkilməməyi məsləhət görüblər.
Təxminən bir ay yarım əvvəl isə İsrailə səfər edən Rusiya nümayəndələrinin İsrail ordusu ilə əlaqəli şəkildə Qolan Təpələrini gəzdiyi və Rusiyanın bölgəyə qoşun yerləşdirə biləcəyi ehtimalının olduğu iddia edilir. Lakin, bu addımın İsrail ordusu tərəfindən dəstəklənmədiyi və yaxın gələcəkdə reallaşma ehtimalının az olduğu qeyd edilir.
TAHİR