Böyük şəhərdə nəqliyyat problemləri ilə, demək olar ki, hər bir sakin üzləşir. İnsan A nöqtəsindən B nöqtəsinə hərəkət üçün ya şəxsi nəqliyyatdan - avtomobil, velosiped, ya ictimai nəqliyyatdan istifadə edir, ya da təyinat nöqtəsinə piyada yollanır. İstənilən məkana çatmaq üçün insan bir neçə dəqiqə olsa belə tıxacda qalmalı olur. Tıxacların yaranması səbəblərindən biri avtomobil dayanacaqları ilə bağlıdır. Avtodayanacaqlarda nəqliyyat vasitələrinin nizamsız saxlanması tıxacın yaranmasına səbəb olur.
Avtomobil dayanacağı ilə bağlı əsasnamənin hazırlanması təklif olunur. Belə bir təklif bu günlərdə Milli Məclisdə səsləndirilib. Milli Məclisin Regional siyasət komitəsinin sədri Arif Rəhimzadə çıxışı zamanı qeyd edib ki, dayanacaqlarla bağlı əsasnamə olmalıdır. O, Bakının Nizami rayonunda yerləşən parkın yolunun şlaqbaumla kəsilməsindən şikayətlənib: “8-ci km. qəsəbəsində I vitse-prezidentin tapşırığı ilə park salınıb. Amma kimsə avtomobillərin ora keçməməsi üçün şlaqbaum qoyub. Bu məsələdən bələdiyyələrin xəbəri var?!
Yəqin ki, orada yaşayanlar, avtomobilləri varsa, kart almalıdır. Tutaq ki, birinin ağır yükü var, taksi ilə gəlmək istəyir, bu zaman necə olacaq? Yaxud təcili tibbi yardım maşını lazım olsa, bu məsələ necə tənzimlənəcək? Ümumiyyətlə, bu dayanacaqların bir əsasnaməsi olmalıdır”.
Azər Allahverənov: “Şirkət avtobuslarının parklanması üçün xüsusi məkan müəyyən olunmayıb”
Avtomobil dayanacağı ilə bağlı əsasnamənin hazırlanmasının əhəmiyyəti barəsində danışan nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, avtodayanacaqlarla bağlı əsasnamənin hazırlanması olduqca vacib məsələdir: “Əsasnamə hazırlanmazdan öncə xüsusi normativlər müəyyən olunmalıdır. Yalnız “Yol hərəkəti haqqında” Qanunda avtodayanacaqlarla bağlı xırda bir element qeyd olunub”.
Həmsöhbətimizin sözlərinə görə, bu gün bir sıra özəl şirkətlər tərəfindən avtodayanacaqlar yaradılıb. Avtodayanacaqların sivil qaydada idarə olunması üçün əsasnamə hazırlanmalıdır: “Əsasnamə hazırlanmaqla yanaşı, orada qeyd olunan müddəaların icra mexanizmi aydın şəkildə göstərilməlidir.
Bu gün avtodayanacaqların avtobuslar tərəfindən zəbt olunması hələ də problem olaraq qalır. Dayanacaqda dayanan daşıyıcı iki-üç avtomobilin yerini tutaraq həmin ərazidə sıxlıq yaradır. Ancaq bir məsələni də nəzərə almaq lazımdır ki, şirkət avtobuslarının parklanması üçün məkan müəyyən olunmayıb. Həmin daşıyıcılar məcbur olub avtodayanacaqlarda dayanır və beləliklə o ərazidə uzun-uzadı tıxac əmələ gəlir”.
A.Allahverənov onu da əlavə etdi ki, sərnişindaşıma ilə 40-a yaxın şirkət məşğul olur. Daşıyıcı şirkətlərin yalnız 10-nun texniki bazası var. Qalan 30 şirkət isə maddi-texniki bazaya malik deyil: “Bu halda həmin şirkətin daşıyıcıları ya yol qırağında, ya da avtodayanacaqlarda dayanırlar. Bu kimi problemlərin həll olunması üçün avtomobil dayanacağı barədə əsasnamə hazırlanmalıdır”.
Günel CƏLİLOVA