İnsan hüquq və azadlıqlarının məhkəmə müdafiəsi, bu zaman keyfiyyətli hüquqi yardımın göstərilməsində, hüququn aliliyinin təmin olunmasında vəkillik institutunun müstəsna əhəmiyyəti var. Azərbaycan üçün də davam edən dövlət quruculuğu və bunun tərkib hissəsi kimi hüquqi islahatlar çərçivəsində vəkillik institutunun inkişafı problemləri aktualdır.
Vəkillik institutunun inkişafı ilə bağlı postsovet məkanı ölkələri üçün xarakterik olan problemlər Azərbaycanda müşahidə olunur. Şübhəsiz, sırf Azərbaycana aid obyektiv və subyektiv amillərlə bağlı özünəxas problemlər və çətinliklər də mövcuddur.
Vəkillik institutu ilə bağlı Azərbaycanda ilk diqqətçəkən məqam ölkədə vəkillərin sayının az olmasıdır. KİV-də zaman-zaman bu problemə diqqət ayrılıb, məsələnin müxtəlif aspektləri işıqlandırılıb.
Bu günlərdə bu məsələyə yenidən toxunulub. Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov “Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” konfransında çıxışı zamanı bildirib ki, Azərbaycanda vəkillərin sayı elə də çox deyil. O qeyd edib ki, son ilyarım ərzində vəkillərin sayı 800 nəfərdən 1500-ə qədər artıb: “Bu, çox yaxşı haldır. Lakin qanunvericiliyə qoyulmuş, xüsusilə də nümayəndəlik institutu ilə bağlı məhdudiyyətlər bəzi kateqoriyalı şəxslərin, xüsusilə Bakıdan kənarda yerləşən şəxslərin məhkəməyə müraciət etmək imkanlarına maneələr yaradıb. Bizdə olan məlumata görə, elə rayon var ki, orada 1 vəkil fəaliyyət göstərir. Bu səbəbdən də vəkilliyə qəbul qaydalarının və ixtisas suallarının yüngülləşdirilməsinə ehtiyac var”.
Əli İsaoğlu: “Prokurorluq, ibtidai istintaq və məhkəmə sistemində 5 ildən çox təcrübəsi olanlar vəkilliyə…”
Hüquqşünas Əli İsaoğlu “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, vəkillik fəaliyyəti ilə məşğul olan şəxslər əhaliyə hüquqi xidmət göstərirlər: “İmtahan suallarının asan və ya çətin olmasının önəmi yoxdur. İmtahan sualları asan olarsa, istənilən şəxs imtahandan keçib vəkilliklə məşğul ola bilər. Belə olan halda isə insanlara keyfiyyətli hüquqi yardım göstərilə bilməz. Əsas odur ki, vəkilliklə məşğul olmaq istəyən şəxs iş təcrübəsinə malik olsun”.
Həmsöhbətimiz onu da vurğuladı ki, bir çox qurumlarda, o cümlədən, gömrük xidməti və vergi orqanlarına işə qəbul zamanı 5 ildən çox iş təcrübəsi olanlar imtahanın birinci mərhələsi sayılan test imtahanından azad olunur. Belə bir qaydanın vəkillik sahəsində də tətbiq olunması yaxşı hal olar: “Belə ki, prokurorluq, ibtidai istintaq və məhkəmə sistemində 5 ildən çox təcrübəsi olanlar test imtahanından azad olunsun. İş təcrübəsi olan vəkilliyə qəbulun ikinci mərhələsi olan müsahibə prosesində iştirak etsin. Nəzərə almaq lazımdır ki, hüquq təhsili alan şəxslər imtahan əsasında məhkəməyə və digər quruma işə giriblər və onlar da yetərincə iş təcrübəsi toplayıblar”.
Bölgələrdə vəkillik peşəsi ilə məşğul olanların sayının az olmasına gəlincə, hüquqşünas vurğuladı ki, bunun səbəbi rayonlarda vəkillərin gördükləri işin müqabilində böyük qazanc əldə edə bilməməsidir. Bu üzdən də onlar fəaliyyətlərini davam etdirmək üçün əsasən paytaxt Bakıya və digər iri şəhərlərə üz tuturlar: “Bölgələrdə vəkil sayının artırılması üçün onlara müəyyən güzəştlər tətbiq olunmalıdır. Vəkillər üçün müəyyən edilən üzvlük haqqı azaldılmalı, bununla yanaşı bu sahə ilə məşğul olanlara vergi güzəştləri tətbiq olunmalıdır. Belə olarsa, bölgələrdə çalışan vəkillər elə orada qalıb fəaliyyətlərini davam etdirərlər”.
Günel CƏLİLOVA