BDU-nun Jurnalistika fakültəsində Nəsir Əhmədlinin 80 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində görkəmli ziyalı, əməkdar jurnalist, professor Nəsir Əhmədlinin 80 illik yubileyinə həsr olunmuş “Azərbaycan mediası yeni müstəvidə” mövzusunda respublika elmi konfransı keçirilib.
Tədbirin moderatoru, BDU-nun Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova qonaqları salamlayaraq konfransı açıq elan edib və professor Nəsir Əhmədliyə həsr olunmuş tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Daha sonra Jurnalistika fakültəsi Tədris tele-radio studiyasının (BDU TV) görkəmli alimin həyat və fəaliyyətinə həsr etdiyi videoçarx nümayiş olunub.
Konfransda ölkə mediasının tanınmış nümayəndələri, BDU-nun və Jurnalistika fakültəsinin professor-müəllim heyəti iştirak edib. "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov, “ARB24” telekanalının sədri Radik İsmayılov, BDU-nun professorları Rüfət Rüstəmov, Cahangir Məmmədli, Həmid Vəliyev, Allahverdi Məmmədli, Qulu Məhərrəmli, Sabir Məmmədli, Ramiz Əsgər, türkoloq alim Əli Şamil, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev, Jurnalistika fakültəsinin elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İnformasiya təminatı və sənədlərlə iş şöbəsinin müdiri Yadigar Məmmədli, Mərkəzinin aparıcı məsləhətçisi Araz Qurbanov, yazıçı-jurnalist İlqar Rəsul, “525-ci qəzet”in baş redaktor müavini Yusif Rzayev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev, Əməkdar jurnalist Namiq Əhmədov, jurnalist Cəlalə Nəzəroğlu çıxışlarında Nəsir Əhmədlinin elm və təhsilimizə verdiyi töhfələrdən danışıblar. Onun peşəkar jurnalist kadrların hazırlanmasındakı xidmətləri, zəngin təcrübəsi ilə tələbə-gənclərə dəstək olduğunu vurğulayıblar. Professor Nəsir Əhmədlinin Azərbaycan dilinin saflığının qorunmasında əvəzsiz xidmətlər göstərdiyi xüsusi vurğulanıb. Azərbaycançılıq ideyasını yayılmasında xüsusi xidmətləri olan “Bütöv Azərbaycan” qəzetinin baş redaktoru Tamxil Ziyəddinoğlu qəzetin professor Nəsir Əhmədliyə həsr olunmuş xüsusi buraxlaşının hazırlandığından danışıb.
Sonda ailə üzvüləri adından Nəsir Əhmədlinin qardaşı, tanınmış elm adamı Bəşir Əhmədovun oğlu İlham Əhmədov tədbirin təşkilatçı və iştirakçılarına minnətdarlığını bildirib.
Baki-xeber.com