Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya elan edilən COVID-19 virusu bütün dünyanı təhdid etməkdə və canlar almaqdadır. Məlumdur ki, martın 3-dən etibarən ali və orta ümumtəhsil məktəblərində ənənəvi tədris prosesi müvəqqəti olaraq dayandırıldı. Məktəblilər və tələbələr ilk dəfə kütləvi şəkildə distant təhsil almağa başladılar.
Danılmaz faktdır ki, distant təhsil üçün ən vacib iş sürətli və kəsintisiz internetin olmasıdır. Ölkəmizdə internet qiymətlərinin kifayət qədər baha olması, sürətinin isə çox zəifliyi distant təhsil zamanı ciddi problemlər yaratdı. Bəs, növbəti tədris ilində müəllim və tələbələri yenə problemlər gözləmir ki?
Yeni tədris ilində məktəbli, tələbə və pedaqoqların rahatlığı üçün internetin sürətində yaşanan problem öz həllini tapacaqmı?
“Aidiyyəti qurumlar monitorinq apararaq müəyyənləşdirməli idi ki, neçə şagird, müəllim, tələbənin normal internet bağlantısı, kompyuteri…”
Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüzün sözlərinə görə, bir sıra suallar hələ də açıq olaraq qalır: “Təhsil Nazirliyi monitorinq apararaq müəyyənləşdirməli idi ki, neçə şagird, müəllim, tələbənin normal internet bağlantısı, kompyuteri yoxdur, hazırkı şəraitdə keyfiyyətli internet infrastrukturu olmayan yaşayış məntəqələrinin sayı nə qədərdir və hansılardır, neçə şagird, tələbə, müəllimi kompyuter və internetlə təmin etmək mümkün olacaq və sair. Göründüyü kimi, hələ də bu sualların cavabı yoxdur, biz bilmirik harada, kimdə hansı problemlər var.
Ehtiyac var idi ki, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və mobil operatorlar, provayderlər kiminsə koordinasiyası altında görüş keçirərdi. Ortalığa bir xəritə qoymaq lazım idi ki, ölkədə vəziyyət nə yerdədir. Hazırda isə durum çox qarışıqdır. Hesab edirəm ki, belə halda distant təhsillə bağlı ciddi problem yaşanacaq və keyfiyyətli təhsil prosesini qurmaq mümkün olmayacaq. Dünya ölkələrinin bununla bağlı təcrübəsi var. Bu problem tək bizdə deyil, qonşu ölkələrdə də var. Onlar vəziyyətdən çıxış yolunu bu cür partnyorluqla, özəl və dövlət qurumlarının əməkdaşlığı, beynəlxalq qurumların köməyilə həll etməyə çalışırlar. İnternetdən əlavə, kompyuterlə bağlı problem var. Bununla bağlı nazirlik özü bir xəritə çıxarmalı idi ki, kimin əlində hansı alət var, kimdə yoxdur. Bu sualların cavabı hələ də açıq qalıb. Teledərslərdə interaktivlik yoxdur, bu halda, keyfiyyətli təhsildən söhbət gedə bilməz”.
Günel CƏLİLOVA