24/04/2019 02:33
728 x 90

Qarabağda ayağını itirmiş erməni əsgər: “Silahınızı atın və Qarabağı tərk edin...”

img

Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan və Ermənistanın XİN rəhbərləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüşdən sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı proseslərin hansı istiqamətdə inkişaf edəcəyinə dair indi ən fərqli fikirlərə rast gəlmək mümkündür.

Görüşdən sonra verilən və daha çox diplomatik üslubda qurulmuş açıqlamalar bağlı qapılar arxasında hansı nətiəcələrə gəlinməsi barədə dəqiq informasiya verməyi hələlik mümkünsüz edir. Rusiya Xarici İşlər Nazirliyi mətbuat xidmətinin və ATƏT-in Minsk Qrupu həmsədrlərinin görüşlə bağlı birgə bəyanatı da konkret nəticə çıxarmaq üçün yetərli sayılmır. Amma hesab edilir ki, görüşdən sonra İrəvan zəbt edilmiş ərazilərin tədricən azad edilməsinə start verməsə, məsələnin hərbi həlli artıq qaçılmaz olacaq.

Bəzi ekspertlər isə bildirir ki, yaranmış vəziyyətdə Ermənistanın hansısa çıxış yolu olmadığından, İrəvan işğal altındakı torpaqları tədricən azad etməyə başlaya bilər. Məsələn,  politoloq Rüstəm Məmmədov vurğulayır ki, ilkin olaraq Qarabağın ətrafındakı 7 rayonun qaytarılması ilə bağlı razılaşma əldə olunması istisna deyil. Onun sözlərinə görə, Azərbaycanın açıq-aşkar müharibəyə hazır olduğunu bəyan etməsi Ermənistanı qorxudub: “Başa düşürlər ki, bunu çox uzatsalar, müharibə təhlükəsi Ermənistanın başının üstünü alacaq. Müharibə də olsa, Paşinyanın evi yıxılacaq. Ona görə də mütləq 7 rayonu qaytaracaqlar. Ancaq Dağlıq Qarabağ məsələsi hələ gündəmdə xeyli qalacaq. Çünki statusu müəyyən deyil. Qarabağın statusu ilə bağlı əlavə danışıqlar olacaq. Məntiqlə Qarabağın statusunun müəyyənləşdirilməsi uzaq illərin işidir”.

Rüstəm Məmmədov qeyd edib ki, rəsmi Moskva başqa dövlətlərə imkan verməyib, bu prosesin nizamlanmasını öz üzərinə götürməyə çalışır: “Rusiya Ermənistanın addımlarından narazıdır. Hiss olunur ki, Rusiyanın Ermənistanı dəstəkləmək fikri yoxdur. Ona görə də Moskva İrəvanı sıxacaq. Azərbaycan cəmiyyəti də artıq müharibəyə hazırdır. Rusiya Ermənistanı qoruya bilməyəcək, nəticədə birmənalı şəkildə Ermənistan dağılacaq. Başa düşürlər ki, Azərbaycanın bu iddiası qarşısında heç nə edə bilməyəcəklər”. Xalqların sülhə hazırlanması ideyasına gəlincə, Rüstəm Məmmədov qeyd edib ki, bunu Ermənistan məcburi irəli sürür: “Çünki başqa əlacı yoxdur, görürlər ki, Azərbaycan müharibə deyir, müharibə isə Ermənistan üçün ölüm deməkdir”.

Rusiyalı ekspert Stanislav Tarasov da bildirir ki, Ermənistanın başqa çıxış yolu qalmayıb və Azərbaycanın istəklərinə boyun əyməyə məcburdur: "Moskvada baş tutan belə görüşlərin məqsədi də müharibənin baş verməməsinin söykəndiyi həssas balansın qorunmasından ibarətdir". Rusiyalı ekspert qeyd edir ki, Lavrov irəliləyişə nail ola bilərsə, o halda Moskva Yaxın Şərqdə baş verən mürəkkəb proseslərlə bağlı qarşılıqlı əməkdaşlıq və qarşılıqlı münasibətlər formatlarının daha geniş inteqrasiyası formatı çərçivəsində bu üçlükdə öz qarşılıqlı fəaliyyət taktikasını dəyişə bilər. Erməni ekspert Sarkis Karapetyan isə vurğulayır ki, Azərbaycan artıq nəticəsi olan danışıqlar istəyir və bu səbəbdən istəyinə çatmasa, savaşa mütləq şəkildə əl atacaq: “Danışıqlarda nəticə olmaması bizə yaxşı heç nə vəd etmir. Özünü kifayət qədər güclü hesab edən Azərbaycan nəticə əldə etməsə, savaşa baş vuracaq. İstənilən halda, erməni xalqını hazırlaşmağa və qəfil yaxalanmamağa çağırmaq istəyirəm... Nə qədər ki, vaxtımız var, qəflətən yaxalanmamaq üçün taxıl, qənd, duz, kibrit ehtiyatı görməyə çağırıram”. Karapetyan bu fonda danışıqlarda nəticə olmasını vacib saydığını qeyd edib, bununla belə, həm də müharibənin yenidən başlaması təhlükəsini hiss etdiyini deyib: “Amerikadan və Rusiyadan bir erməni general məni məlumatlandırıb ki, yazda yollar quruyarkən azərbaycanlılar hücum edəcək. Təbii ki, həmin vaxta qədər danışıqlarda nəticə əldə olunsa, vəziyyət dəyişəcək. Amma nəticə olmasa, erməni xalqını hazırlaşmağa və qəfil yaxalanmamağa çağırmaq istəyirəm. Müharibəyə hazırlaşmağın ilk ən vacib məqamı evdə ehtiyat ərzağa malik olmaqdır”. O hesab edir ki, ikinci təhlükə İrəvanda olan turistlərdir. Onun fikrincə, ən ciddi təhlükələrdən biri İrəvana dolmuş qaradərililərdir: “Bilinmir, Pakistan, Səudiyyə Ərəbistanı, ya haralıdırlar. Bu, İrəvanda sanki barıt çəlləyidir. Bir anlığa Qarabağda müharibə başladığını düşünün, bunlar burada diversiya törədə bilərlər”.

Ümumiyyətlə, Ermənistanda yaxşı başa düşürlər ki, danışıqların dalana dirənməsi gərginliyi və hərbi əməliyyatların bərpası risqini artırır.  Erməni siyasi şərhçi Aram Amatuni vurğulayır ki, İrəvan belə vəziyyətdə danışıqlar yolu ilə məsələnin həllinə cəhd etməlidir: “Məsələ hərbi sahədə həll edilərsə, o zaman sual yaranır ki, 25 il ərzində Ermənistan “Madrid prinsipləri” üzrə danışıqlara niyə gedirdi.  Elə məlum  “aprel müharibəsi” də danışıqların məntiqi üzrə baş verdi. Bundan sonra nələr olacaq? Bu sualın cavabı Ermənistanın dövlət kimi inkişafından asılıdır. Çünki rəqiblə rəqabət danışıqlar masasında yox, inkişafdadır. Bir dövlətin inkişafının 4 sütunu var: ordu, iqtisadiyyat, ictimai-siyasi sistem və mədəni sima. Rəqabət, yaxud rəqiblə mübarizə dövlət keyfiyyətlərinin effektivliyindən asılıdır. Rəqib bu 4 sütunda bizdən yüksəkdədir. Ermənistan nə edəcək, bu istiqamətdə rəqabətə davam gətirə biləcəkmi? Çətin”.

Erməni  ekspert  son illər Azərbaycan ordusunun arsenalına müasir silahların daxil edilməsinin də burada nəzərə alınmasını vacib sayır.  Bildirir ki, Ermənistan artıq münaqişənin həlli istiqamətində konstruktiv addımlar atmasa, regionda vəziyyət gərginləşə bilər. İndiki halda isə Ermənistanın hərbi, iqtisadi potensialı Azərbaycanla rəqabət aparmağa imkan vermir.  Bunu nəzərə alan erməni veteran Artur Armenyanın müraciəti də qeyd edilənlər fonunda xüsusi maraq doğurur. O bildirir ki, Qarabağ məsələsində sistemli olaraq erməni gəncləri siyasətçilərin və generalların səsləndirdiyi möcüzəli yalanlarla yetişir. Erməni gəncliyi, beynəlxalq qanunlara baxmayaraq, Azərbaycana qarşı işğal siyasəti aparan hakimiyyətin ambisiyaları uğrunda öz qanını daha az axıtmaq istəyir: “Dağlıq Qarabağ heç vaxt bizim olmayıb və olmayacaq. Mən yalnız indi anladım ki, biz ermənilər azərbaycanlılara münasibətdə düzgün hərəkət etməmişik. Yaxşı bir qonşunu itirmişik. Mən deyə bilmərəm ki, azərbaycanlılar pisdir. Çünki onlar haqlıdır”. Qarabağda xidmət keçən Armenyan erməni zabitlərinə və əsgərlərinə müraciət edib: “Ermənistanın bütün zabit və əsgərlərinə müraciət edirəm ki, silahınızı atın və Qarabağı tərk edin. Qoy siyasətçilər və ali baş komandan özləri gedib vuruşsunlar. Əziz analar, babalar, atalar, öz özladlarınızı Azərbaycana qarşı vuruşmağa göndərməyin. Mən bu müharibədə ayağımı itirmişəm. Və indi mən heç kimə lazım deyiləm. Çox təəssüf! İndi mən Fransadayam. Ermənistana da heç vaxt qayıtmayacağam”.

Ekspertlər erməni təmsilçilər tərəfindən yuxarıda səslənən bu fikirlərin heç də təsadüfi xarakter daşımadığını bildirir. İlk növbədə o baxımdan ki, ermənilər Qarabağ məsələsində haqsız və zəif tərəf olduqlarını özləri də aydın görürlər. Bu reallıq Paşinyan iqtidarına da yaxşı bəllidir. Məhz bu səbəbdən hesab edilir ki, Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin Moskva görüşündə müəyyən razılıqların əldə edilməsi istisna deyil. Digər tərəfdən, burada nəzərə almaq lazımdır ki, Ermənistanın indiyə qədər əsas havadarı olan Rusiyaya arxalanaraq Qarabağ danışıqlarında yenidən qeyri-real, təxribatçı mövqe tutması artıq mümkün deyil. Çünki Moskva İrəvana əvvəlki münasibət sərgiləmir. Digər tərəfdən, ATƏT-in Minsk Qrupunun başqa həmsədr ölkəsi olan ABŞ Qarabağda yeni müharibə istəmir. Belə vəziyyətdə Vaşinqton artıq sülh danışıqlarının “donu”nun açılmasını istəyir. Dünya gücləri, elə işğalçı Ermənistan üçün burada vacib məqamlardan biri həm də ordumuzla bağlıdır.

Ekspertlərin qənaətincə, hazırda Azərbaycan ordusu öz silahlı qüvvələrinin texniki-təchizat göstəricisinə görə bir çox dünya ölkələri ilə müqayisədə daha əlverişli vəziyyətdədir. Ölkə rəhbərliyi bu məsələyə daima ən ciddi diqqət yetirir, ordu üçün yeni silahlar alır. Bu səbəbdən də Azərbaycan hərbçiləri döyüş hazırlığı və təchizat səviyyəsinə görə Ermənistandan çox irəlidədir. Azərbaycan ordusu bütövlükdə yeni nəsil hərbi texnika ilə təchiz edilib. Bu səbəbdən təkcə Ermənistanı yox, elə MDB-də də əksər ölkələri xeyli üstələyir. Azərbaycan ordusunun döyüş ruhu və potensialı, Ermənistan ordusundan üstünlüyü özünü məlum 4 aprel müharibəsində əyani şəkildə artıq özünü göstərib. Həmin üstünlük hesabına cəmi bir neçə günə işğal altındakı ərazilərimizin 2000 hektarı düşməndən geri alındı. Ardınca Naxçıvanda Günnüt kəndi və digər ərazilərin də azad edilməsi düşmənə gücümüzü bir daha aydın şəkildə göstərdi. Ermənistanın savaş yolu ilə belə yeni məğlubuiyyətlərə uğraması isə Paşinyan iqtidarının sonunu daha tez gətirə bilər. Bu səbəbdən İrəvan, yuxarıda qeyd olunduğu kimi, əslində Azərbaycanla razılaşmağa məcburdur. Digər tərəfdən, erməni ictimaiyyəti Ermənistanın yeni hakimiyyəti və onun rəhbəri Nikol Paşinyanın inqilab öncəsi verdiyi iqtisadi və siyasi vədləri yerinə yetirməyi tələb edir. İndiki halda isə işğalçı ölkənin iqtisadi potensialı iflas ərəfəsindədir. Regiondakı bütün qlobal layihələrdən məhrum edilən, yalnız  xaricdəki milyonçu ermənilərin yardımları hesabına dövlət büdcəsini alayarımçıq formalaşdıra bilən Ermənistan hakimiyyəti ac erməni millətinin ümidlərini doğrulda bilmir. Bu ümidlər yalnız işğala son qoyulduqdan sonra doğrula bilər. Elə bu səbəbdən də İrəvan üçün yeganə ümid Azərbaycanın mövqeyini qəbul etmək, zəbt edilmiş əraziləri azad etməkdir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Son xəbərlər