24/04/2019 02:36
728 x 90

Qaregin Dünya dini liderlərinin Bakı sammitində…

Rəhimə Dadaşova: “... yaxın müddət ərzində dəvət olunub-olunmaması bəlli olacaq”

img

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Dünya dini liderlərinin II Bakı sammitinin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Azərbaycanda müasir dövrdə millətlərarası münasibətlər və din sahəsində həyata keçirilən dövlət siyasəti beynəlxalq hüquq normalarına və zəngin tarixi köklərə əsaslanır.

Dünyanın multikulturalizm mərkəzlərindən biri kimi tanınan Azərbaycanda sivilizasiyalararası və dinlərarası dialoqa töhfə verən bir sıra nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi artıq ənənəyə çevrilib. Qeyd edək ki, beynəlxalq ictimaiyyəti narahat edən humanitar problemlər 2008-ci ildən etibarən mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsini nəzərdə tutan “Bakı prosesi” çərçivəsində müzakirə olunur, dünyanın tanınmış dini liderləri, ictimai-siyasi xadimləri, dövlət rəsmiləri, nüfuzlu alim və ziyalıları arasında səmərəli fikir mübadiləsi aparılır.
Məlumat üçün bildirək ki, 2010-cu ildə keçirilən Dünya dini liderlərinin I Bakı sammitinə ermənilərin katolikosu II Qaregin də dəvət edilmişdi və sammitə qatılmışdı.

Maraqlıdır, Dünya dini liderlərinin növbəti Bakı sammitinə ermənilərin katolikosu II Qaregin də dəvət olunacaqmı? Ümumiyyətlə, adıçəkilən şəxsin məlum sammitdə iştirakı nəzərdə tutulurmu?

  • “II Qareginin 2010-cu ildə Dünya dini liderlərinin Bakı sammitində iştirakını nəzərə alsaq, ehtimal olunur ki, oktyabrda keçiriləcək sammitdə də iştirak edə bilər”

Suallarımıza cavab almaq üçün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovaya müraciət etdik. O, “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, 2010-cu ildə keçirilən Dünya dini liderlərinin I Bakı sammitinə II Qaregin dəvət olunmuşdu: “Ancaq indi sammitin keçirilməsi ilə əlaqədar olaraq Prezidentin sərəncamı ilə təşkilat komitəsi yaradılıb. Məlumdur ki, təşkilat komitəsi yeni yaradılıb. Yaxın müddət ərzində tədbirlər planı və dəvət olunacaq şəxslərin siyahısı hazırlanacaq. Siyahı hazırlanandan sonra II Qareginin dəvət olunub-olunmaması bəlli olacaq”.

Həmsöhbətimiz onu da bildirdi ki, ermənilərin katolikosu II Qareginin 2010-cu ildə Dünya dini liderlərinin Bakı sammitində iştirakını nəzərə alsaq, ehtimal olunur ki, oktyabrda keçiriləcək sammitdə də iştirak edə bilər.

Günel CƏLİLOVA

Son xəbərlər