Ermənistan daxilində son vəziyyətin təhlili burada istər ictimai-siyasi, istərsə də sosial-iqtisadi müstəvidə gərginliyin yenidən yüksələn xətt üzrə inkişaf etdiyini göstərir. Belə görünür ki, Nikol Paşinyanın hakimiyyətə gəlməzdən əvvəl verdiyi vədləri yerinə yetirə bilməməsi artıq erməni cəmiyyətində yeni narazılığa rəvac verir. Yaranmış vəziyyətdə Paşinyan etirazları səngitmək üçün sələflərinin taktikasından istifadəyə daha çox meyllənir. Söhbət cəbhədə gərginliyi artırmaqla diqqəti daxili problemlərdən bu istiqamətə yönəltmək cəhdlərindən gedir.
Son dövrlərdə düşmənin atəşkəsi daha intensiv şəkildə pozması, müxtəlif təxribatlara cəhd etməsi, əsasən də mülki əhalini hədəfə alması qeyd edilənlərin nəticəsi sayılır. Düşmənin belə addımları evlərə, sakinlərin əmlakına və mülki infrastruktura ziyan vurur ki, yaranmış vəziyyətdə Azərbaycanın qarşı tərəfə daha sərt cavab verməsi artıq qaçılmaz olur. Yeri gəlmişkən qeyd edək ki, artıq bununla bağlı müdafiə naziri, general-polkovnik Zakir Həsənov konkret tapşırıqlar da verib. Xatırladaq ki, bu günlərdə Zakir Həsənov və Müdafiə Nazirliyinin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən bölmələrdə olub, şəxsi heyətin döyüşə hazırlıq vəziyyətini yoxlayıb. Bir neçə gündür ki, Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən tərəfindən atəşə məruz qalan yaşayış məntəqələrimiz istiqamətindəki bölmələrdə olan müdafiə naziri vəziyyətlə bağlı məruzələri dinlədikdən sonra qarşı tərəfin mövqelərini müşahidə edib. Ön xətt mövqelərindəki vəziyyətlə yerində tanış olan nazir dinc əhalinin Ermənistan qoşunları tərəfindən atəşə tutulmasına qarşı təxirəsalınmaz cavabın verilməsi və daha sərt tədbirlərin görülməsi ilə bağlı həmin istiqamətlərdə yerləşən bölmələrə konkret tapşırıqlar verib. Bütün bunlar o deməkdir ki, düşmənin istənilən təxribatı ona daha baha başa gələcək. Özü də yaranmış vəziyyətdə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Digər tərəfdən onu da xüsusi olaraq qeyd etmək lazım gəlir ki, düşmən təxribatı erməni ordusunda itkilərin sayını sürətlə artırır. Bu xüsusda Prezident İlham Əliyev Biləsuvar rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə çox maraqlı fikirlər səsləndirərək erməni tərəfinə yeni sərt xəbərdarlıqlar da etdi. O, açıq şəkildə diqqətə çatdırdı ki, bu gün Ermənistan ordusu bizimlə rəqabət apara bilməz: “Ermənistan indi çox ağır vəziyyətə düşüb. İyirmi il Ermənistana rəhbərlik etmiş kriminal diktatura rejimi çöküb. Mən dəfələrlə demişdim ki, Ermənistanı quldur dəstə idarə edir və bu gün bunu erməni xalqı deyir. Ancaq əfsuslar olsun ki, Ermənistanda rəhbərliyə gəlmiş yeni simalar öz məsuliyyətini dərk etmir, sarsaq bəyanatlar verirlər və təmas xəttində, Ermənistan-Azərbaycan sərhədində gərginliyə rəvac verən addımlar atırlar. Azərbaycan ordusu onlara layiqli cavabını verir, verəcək, necə ki, 2016-cı ilin aprel döyüşlərində onları yerinə oturtdu, torpaqlarımızın bir hissəsini azad etdi, bu ilin may ayında Naxçıvan istiqamətində uğurlu əməliyyat nəticəsində böyük ərazi nəzarətimizə keçdi”.
Bununla yanaşı, dövlət başçısı qarşı tərəfin yenə lazımi cavabını alacağını da vurğuladı: “Bundan sonra da biz onlara lazım olan vaxtda tutarlı cavablar verəcəyik. Düşmən bilir ki, bizim qarşımızda duruş gətirə bilməz. Baxın, bir neçə gün bundan əvvəl onların silahlı təxribatı nəticəsində Ermənistan-Azərbaycan sərhədində atışma olubdur və əsgərlərimiz onlara elə dərs veriblər ki, çətin ki, yaxın günlərdə özlərinə gəlsinlər. Biz bu istiqamətdə siyasətimizi ardıcıl olaraq aparacağıq, ordumuzu daha da gücləndirəcəyik, daha da böyük vəsait ayıracağıq və ordumuzun döyüş qabiliyyətini daha da möhkəmləndirəcəyik. Nümayiş etdirilən paradda bizim texniki imkanlarımız, əsgər-zabitlərimizin hazırlığı düşmənə yaxşı bir siqnaldır ki, otursun yerində, yoxsa axırı pis olar”.
Beləliklə, Azərbaycan ən yüksək səviyyədə düşmənə növbəti xəbərdarlığıın etdi. Aydındır ki, bu şəraitdə Paşinyan hökuməti cəbhə təxribatlarına getməyə davam edərsə, onda Azərbaycan daha sərt tədbirlər görməli olacaq. Ermənistan hökumətindən fərqli olaraq bu ölkənin cəmiyyəti hadisələrin qeyd olunan səpkidə inkişafından ciddi narahatdır. Xüsusilə əsgər analarının narahatlığı və növbəti dəfə aprel döyüşlərinin təkrarlanması qorxusu erməni cəmiyyətində Paşinyana qarşı yeni etirazlara rəvac verir. Çünki bütün erməni ictimaiyyəti Azərbaycan ordusunun qüdrətinə yaxından bələddir.
Digər tərəfdən erməni ictimaiyyəti onu da çox gözəl bilir ki, Paşinyanın təhdid dolu bəyanatları və Dağlıq Qarabağ məsələsində sərsəm mövqeyinə cavab olaraq Azərbaycan ordusu genişmiqyaslı hərbi təlimlərə başlayıb. Bu təlimlər indiki şəraitdə faktiki olaraq düşmənə xəbərdarlıqdır. Lakin Paşinyan mövqeyini dəyişməzsə və növbəti belə təhdidlərə davam edərsə, Azərbaycan ordusu düşmənə bu dəfə təlimlə deyil, birbaşa döyüş meydanında cavab verəcək. Bu da, öz növbəsində, Paşinyanı taxtından edəcək. Hadisələrin bu səpkidə inkişaf edə biləcəyini ehtiyatda olan polkovnik Şair Ramaldanov da təsdiq edir: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəyan edib ki, bundan sonra cərəyan edəcək proseslərə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşəcək. Çünki Ermənistan tərəfi qeyri-konstruktiv mövqeyilə, baş nazir Paşinyanın populist çıxışları və savadsız siyasi baxışları ilə göstərir ki, düşmən ölkə Azərbaycana işğala son qoymaq üçün savaş yolundan başqa bir yol buraxmır. İndiyə qədər Azərbaycan tərəfi gözləyirdi ki, beynəlxalq qurumların təzyiqi ilə Ermənistan rəhbərliyi işğal olunmuş torpaqlarla bağlı öz siyasətində, danışıqlar prosesində daha konstruktiv mövqe tutacaq. Amma bu baş vermir. Əksinə, yeni rəhbərlik daha qeyri-konstruktiv mövqe nümayiş etdirir. Demək olar ki, əvvəlki hakimiyyətdəki rəhbərlik müəyyən bir şəkildə sərt ifadələrlə gündəmdə deyildi. Həmişə işıq yolu qoyurdular ki, danışıqlarla nəyəsə nail ola bilərlər. Paşinyan isə öz mövqeyi ilə heç işıq yolu da qoymur. Beynəlxalq qurumlar iflic vəziyyətdədir. ATƏT-in Minsk Qrupu, demək olar ki, yox səviyyəsindədir. Ermənistan belə mövqe tutursa, dövlətin birinci şəxsi Qarabağla bağlı sərt ifadələrlə çıxışlar edirsə, beynəlxalq qurumlar hansısa addımlar atmalıdır. Amma bunu özlərinə rəva bilmirlər. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev Qarabağla bağlı öz qətiyyətini, ciddiliyini ortaya qoydu, bir daha xəbərdarlığını etdi. Bununla yanaşı Azərbaycan cəmiyyəti də işğalın davam etməsindən yorulub. Eyni zamanda Paşinyanın çıxışları sülh yolu ilə işğala son qoyulmasının mümkünsüzlüyünü qətiləşdirir. Düşünürəm ki, söz Ali Baş Komandandadır və o, tezliklə öz sözünü deyəcək”.
O əlavə edib ki, müdafiə naziri Zakir Həsənov mütəmadi olaraq cəbhə bölgəsinə gedir və bu səfərlər düşmənə açıq mesajdır: "İlk növbədə təhlükəli istiqamətlər nəzərdən keçirilir. Son günlər düşmən tərəfi bəzi istiqamətlərdə mülki əhalini atəşə tutur. Belə bir halda müdafiə naziri həmin yerlərə gedərək orada vəziyyəti nəzərdən keçirir və lazımi göstərişlər verir. Düşünürəm ki, bunlar artıq həmin yerlərdə müəyyən tədbirlərin keçirilməsi ilə müşahidə olunacaq".
Erməni ekspert Artur Kazinyan da bildirir ki, Paşinyanın addımları Qarabağ məsələsində kövrək sülhü təhlükə altında qoyub və savaş istənilən an başlana bilər: “Paşinyanın addımları onun siyasətdə hələ çox naşı olduğunu göstərir və təəssüf ki, belə vəziyyətdə Qarabağ savaşı yenidən təkrarlana bilər. Amma ötən əsrin 90-cı illərindən fərqli olaraq, indi vəziyyət bizim lehimizə deyil. İstər hərbi, istərsə də diplomatiya sahəsində. Azərbaycan bölgədə mövqelərini xeyli gücləndirib. Üstəlik, Rusiya və Türkiyə də Azərbaycanın yanındadır. Ermənistan isə tək qalıb və bu durumda Qarabağ müharibəsinin yenilənməsi bizə müsbət nəsə vəd etmir“.
Digər erməni ekspert Artaşes Qeqamyan isə qeyd edir ki, Nikol Paşinyan hələ də hansısa virtual dünyada işləməyi davam etdirir: ”Demək yetər ki, onun çıxış və nitqlərini analiz edərək bir nəticəyə gəlirsən: ölkə rəhbərinin gerçəklikdən tam ayrı düşdüyü göz qabağındadır. Özü də çox maraqlıdır ki, ölkənin təhlükəsizliyi təhdid altında olduğu bu qədər mürəkkəb dövrdə dövlətin birinci şəxsi olan adam öz çıxış və nitqlərini, əsasən, parlamentdə ancaq Paşinyan hökumətinin təqdim etdiyi istənilən qanun layihəsinə bir ağızdan səs verən əks-inqilabçıların ifşasına həsr edir. Həm də onun çıxışları Ermənistan hökumətinin toplantıları zamanı deyil, seçkiqabağı kampaniyanın gedişində partiyasının İrəvan meri namizədliyinə irəli sürdüyü namizədə dəstək üçün təşkil edilən mitinqlərdə olur. Görünən budur ki, Azərbaycan savaşa hazırlaşır, Paşinyan isə əksinqilabçıları ifşa etməklə məşğuldur. Bu da Ermənistana baha başa gələcək”.
Ermənistanın “lragir” saytı isə yazır ki, İrəvanın yeni geosiyasi reallığı görməsi çox vacibdir: “Nəzərə alınmalıdır ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan rus həmkarı Vladimir Putinlə İdliblə bağlı razılaşdı, əvəzində Bakı və Ankara Moskvadan Dağlıq Qarabağı alacaq“. Sayt yazır ki, Rusiya Türkiyəyə hədiyyə verəcək: “Bu hədiyyənin nə olduğu Rusiya-Ermənistan münasibətlərinin gərginliyi fonunda aydın olur. Bakı və Ankara Moskvanı Qarabağın qaytarılması məsələsinə razı salıb. Ermənistan üçün Rusiyasız Türkiyə və Azərbaycanla mübarizə aparmaq çətin olacaq”. Ümumiyyətlə, Ermənistanda hesab edirlər ki, Bakı və Ankara Dağlıq Qarabağla bağlı yeni taktikanı işə salır. Erməni şərhçi Sarkis Artsruni Türkiyə - Azərbaycan münasibətlərinin Dağlıq Qarabağ probleminin nizama salınması kontekstində əhəmiyyətli olduğunu vurğulayıb: “Ankara Qarabağ problemində Azərbaycana qeyd-şərtsiz dəstəyini ifadə edir. Bununla yanaşı, Ankara və Bakı Qarabağ probleminin nizama salınması formatına yenidən baxmaq planını işə salıb. Yeni taktikaya görə, problemin Türkiyə-Azərbaycan-Rusiya formatında həllinə nail olmaq istəyirlər. Bu isə Ermənistan üçün ciddi təhlükədən xəbər verir”. Beləliklə, qeyd edilənlər istər hərbi, istərsə də diplomatik müstəvidə proseslərin Ermənistanın lehinə olmadığını göstərir. Bu vəziyyətdə, Qarabağ məsələsində güzəştə gedib lazımi addımlar atmayacağı halda, Ermənistanı sarsıdıcı zərbələr gözləyir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.