Azərbaycanın hərbi texnologiyalar sahəsində bundan sonra daha müasir və günün tələblərinə cavab verən yeni silahlar istehsal etməsi gözlənilir. Qeyd olunan məsələ İsrailin müdafiə naziri Aviqdor Libermanın Azərbaycana rəsmi səfərindən sonra daha da aktuallaşıb. Hesab edilir ki, Libermanın səfəri Azərbaycan-İsrail münaisbətlərində yeni bir səhifə açmaqla yanaşı, həm də hərbi sahədə hər iki ölkənin əməkdaşlığını daha da genişləndirəcək. Bura birlikdə yeni müasir silahların istehsalı da daxildir.
Beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut qeyd olunan fonda diqqəti ilk olaraq ona yönəldir ki, bu, Aviqdor Libermanın İsrailin müdafiə naziri qismində Azərbaycana ilk səfəridir. İsrailli ekspert qeyd edib ki, müasir mərhələdə İsraillə Azərbaycan arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlıq və tərəfdaşlıq münasibətləri dünyanın bir sıra ölkələri üçün dostluq münasibətlərinin əsl modelidir: “Bu ölkələr ən çətin anlarda bir-birinin yanında olub, həmişə bir-birini dəstəkləyib və bunu hiss ediblər. İsrailin həqiqi, sədaqətli dostlarına həmişə haqlı olaraq xüsusi diqqət yetirən Aviqdor Libermanın Cənubi Qafqaz regionunda Azərbaycana üstünlük verməsi özünü doğruldur. Desəm ki, məhz Aviqdor Liberman Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı Azərbaycan-İsrail strateji tərəfdaşlığının həqiqi memarlarından biridir, böyük sirr açmış olmaram. Bu regionda Azərbaycanın strateji əhəmiyyətini və geosiyasi vacibliyini dərk edən məhz Liberman olub. Aviqdor Libermanın Azərbaycana İsrailin müdafiə naziri qismində birinci rəsmi səfəri və Azərbaycan rəhbərliyi ilə, o cümlədən Prezident İlham Əliyev və müdafiə naziri, general-polkovnik Zakir Həsənovla səmimi, açıq görüşü İsraillə Azərbaycan arasında siyasi və hərbi-texniki sahələrdə münasibətlərin inkişafında və möhkəmlənməsində mühüm tarixi addım və yeni mərhələ oldu”.
Ekspert Azərbaycanla İsrail arasında əməkdaşlığı strateji tərəfdaşlıq adlandırıb: “Bu gün Azərbaycan-İsrail münasibətləri pozitiv və əsl strateji tərəfdaşlıq xarakter daşıyır. Ticarət sahəsində Azərbaycan-İsrail əməkdaşlığı inkişaf edir və hazırda onun həcmi 4,5 milyard dollara yaxındır. Əvvəllər bu əməkdaşlıq əsasən neft-qaz sahəsinə yönəlmişdi, indi isə şaxələndirilərək, iqtisadiyyatın digər sektorlarını, o cümlədən kənd təsərrüfatı, yüksək texnologiyalar, səhiyyə, hərbi-texniki tərəfdaşlıq sahələrini də əhatə edir. İsrailin müdafiə sənayesi şirkətləri Azərbaycanda hərbi sənaye quruculuğunda fəal iştirak edib və bunu davam etdirirlər”. Məsələ ilə bağlı “Jerusalem Post” qəzeti yazır ki, bu gün də İsrail Azərbaycana əsas silah təchizatçılarından biridir: “2016-cı ilin aprelində Dağlıq Qarabağda münaqişənin qızışdığı vaxt Ermənistanda İsrail əleyhinə səs-küy qalxmışdı. İş o yerə gəlib çatmışdı ki, İsraildəki erməni icması etiraz aksiyası təşkil edərək, İsraillə Azərbaycanın tərəfdaşlığına qarşı çıxmışdı. Amma Azərbaycan və İsrail öz dostlarını seçməkdə tam sərbəstdirlər və heç kim buna qarışa bilməz. Həmçinin İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinin tərəfdarıdır. Ümumiyyətlə, Aviqdor Libermanın Azərbaycana səfəri İsraiilə bu Cənubi Qafqaz dövləti arasında münasibətlərdə yeni səhifə açır“.
2012-2016-cı illərdə Gürcüstan Kəşfiyyat Xidmətinin köməkçisi, 2003-2005-ci illərdə Gürcüstan hərbi hava qüvvələrinin komandanı, general Amiran Salukvadze isə vurğulayır ki, bundan sonra da Azərbaycan və İsrail arasında hərbi əlaqələrin daha da möhkəmlənməsini gözləmək olar. Ekspert qeyd edir ki, Azərbaycan İsrailin ən iri silah idxalatçılarından biridir. İsrail və Azərbaycan artıq uzun illərdir ki, müdafiə sahəsində fəal əməkdaşlıq edir. Bu iki ölkə hərbi əməkdaşlığın yeni səviyyəsinə qədəm qoyur. Onun sözlərinə görə, Azərbaycan müsəlman ölkələri sırasında nadir istisnadır ki, İsraillə diplomatik əlaqələrə malikdir və bütün sahələrdə, xüsusilə də hərbi-texniki sferada sıx əməkdaşlıq edir. Salukvadzenin fikrincə, Liberman İsraildə ən nüfuzlu siyasətçilərdən biridir və onun Gürcüstan və Azərbaycana səfərləri olduqca mühüm faktordur. Onun Bakıya uzunmüddətli səfəri isə Azərbaycanla yeni və daha böyük hərbi əməkdaşlıq paketinin hazırlanmasından xəbər verir. “İsrailin müdafiə naziri Aviqdor Libermanın Azərbaycana 5 günlük səfəri bu ölkələrin bir-biri ilə necə yaxın olduqlarını göstərir. Düşünmürəm ki, cənab Liberman tez-tez bu cür uzun çəkən rəsmi səfərlərə çıxır. Deməli, onun Azərbaycanda yüksək səviyyəli görüşlər keçirməsi və güc strukturlarının rəhbərləri ilə danışıqlar aparmasını nəzərə alsaq, təxmin etmək olar ki, İsraillə Azərbaycan arasında daha böyük hərbi-texniki əməkdaşlıq paketi hazırlanır. Yəqin ki, biz tezliklə bu barədə eşidəcəyik”. Salukvadze Cənubi Qafqaza səfəri çərçivəsində Libermanın Ermənistana baş çəkməməsinə də aydınlıq gətirib. Bildirib ki, bunun bir çox səbəbləri var: “Birinci səbəb Dağlıq Qarabağ problemi və Azərbaycanla Ermənistan arasındakı münasibətlərdir. Görünür, Liberman paralel olaraq Ermənistana da səfər etməklə Bakıda özünə narahatlıq yaratmaq istəməyib. İkincisi, “erməni soyqırımı” adlanan bir məsələ var ki, bu il Knessetdə təsdiq olunmayıb və bu məsələ ilə bağlı Libermanın öz fikri var. Üçüncüsü, bu il Ermənistanda hakimiyyət dəyişikliyi baş verib. Hələ baxaq görək, Ermənistanın yeni hökuməti İsraillə münasibətləri necə quracaq”.
Nahid SALAYEV