Elşən Həsənov: “Ümid edirəm ki, Ermənistan hakimiyyəti bunun fərqinə varıb əməli nəticə çıxaracaq”
Prezident İlham Əliyev Biləsuvar rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə Azərbaycan Ordusunun gücü və qüdrətilə bağlı düşmənə növbəti ismarıcını verib:
“Bundan sonra da biz onlara lazım olan vaxtda tutarlı cavablar verəcəyik. Düşmən bilir ki, bizim qarşımızda duruş gətirə bilməz. Baxın, bir neçə gün bundan əvvəl onların silahlı təxribatı nəticəsində Ermənistan-Azərbaycan sərhədində atışma olub və əsgərlərimiz onlara elə dərs veriblər ki, çətin ki, yaxın günlərdə özlərinə gəlsinlər. Biz bu istiqamətdə siyasətimizi ardıcıl olaraq aparacağıq, ordumuzu daha da gücləndirəcəyik, daha da böyük vəsait ayıracağıq və ordumuzun döyüş qabiliyyətini daha da möhkəmləndirəcəyik. Nümayiş etdirilən paradda bizim texniki imkanlarımız, əsgər-zabitlərimizin hazırlığı düşmənə yaxşı bir siqnaldır ki, otursun yerində, yoxsa, axırı pis olar”.
Göründüyü kimi, Prezident son hərbi paraddakı Azərbaycan Ordusunun qüdrətinin nümayişini əsas gətirərək, düşmənə açıq mətnlə “otursunlar yerində, yoxsa, axırı pis olar” kimi açıq mesajını göndərib. Ölkə başçısının bu mesajını necə dəyərləndirmək olar?
Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənovun sözlərinə görə, Prezident Ermənistana dəfələrlə xəbərdarlıq edib: “Lakin budəfəki mesajda sərt və konkret fikirlərə rast gəlinir. Bundan əvvəl ölkə başçısı Ermənistanın yeni rəhbərliyinin əvvəlki hakimiyyətin yolu ilə getməyəcəyinə və konstruktiv mövqe nümayiş etdirəcəyinə ümid etdiyini bəyan etdi. Ondan sonra biz nəyi müşahidə etdik? Paşinyan aqressiyasını, sərsəm bəyanatlarının sayını daha da artırdı. Məzmunu isə bir qədər də kəskinləşdirdi. Bu o anlama gəlir ki, Paşinyan nəinki konstruktivliyə hazır deyil, hətta o, danışıqlarda iştirak etmək istəmədiyini belə açıq şəkildə bəyan edir. Belə olan təqdirdə təbii ki, Azərbaycanın istənilən yolla ərazisini bərpa etmək, torpaqlarını işğaldan azad etmək kimi üsuldan başqa yolu qalmır. Bu addımı atmaq Azərbaycanın haqqı olan məsələdir. Təbii ki, hadisələrin bu axarla gedişi güclü ordunun olmasını şərtləndirir. Ölkə başçısı tamamilə doğru olaraq vurğuladı ki, son paradda Azərbaycan Ordusunun nəyə qadir olduğu nümayiş etdirildi. Hesab edirəm ki, bəlkə də Paşinyanın ardıcıl olmayan addımları və isterik bəyanatlarının kökündə həmin qorxu amili durur. İlham Əliyev tərəfindən “axırı pis olar” ifadəsi elə-belə səsləndirilməyib. Bu artıq o anlama gəlir ki, Azərbaycanın kiminsə nazı ilə oynamaq fikri yoxdur, səbr kasası tam dolub. Ümid edirəm ki, Ermənistan hakimiyyəti bunun fərqinə varıb əməli nəticə çıxaracaq. Yoxsa, onların axırı doğrudan da çox pis olacaq”.
Məhəmmədəli QƏRİBLİ