"Biz sosial şəbəkələrə və əhali ilə birbaşa canlı ünsiyyətə üstünlük verdiyimiz üçün ödənişsiz efir vaxtından imtina etdik"
Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi üçün 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə bağlı qeydə alınan təşviqat qrupları ödənişsiz efir vaxtından imtina edib.
Təşviqat qruplarından verilən məlumata görə, onlar pulsuz efir vaxtının bölgüsü məqsədilə MSK-ya müraciət etməmək barədə qərar qəbul edib.
Seçkiqabağı təşviqat sentyabrın 3-dən başlayıb. Lakin qeydə alınan "Yeni Azərbaycan", "Vətəndaş Cəmiyyəti" və "Bələdiyyə" təşviqat qrupları bununla bağlı Mərkəzi Seçki Komissiyasına müraciət etməyib.
"Yeni Azərbaycan" təşviqat qrupunun (TQ) təsisçisi Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətindən mətbuatın sorğusuna cavab olaraq bildirilib ki, TQ-nin səlahiyyətli nümayəndələri, rəsmiləri bütün regionlarda, bütün yaşayış məntəqələrində MSK tərəfindən ayrılmış müvafiq yerlərdə seçicilərlə görüşlər keçirir, müvafiq qaydada təşviqat kampaniyası aparır. Bundan başqa, "Yeni Azərbaycan" təşviqat qrupu MSK tərəfindən ayrılmış lövhələrdə təşviqat materialları yerləşdirib.
"Vətəndaş Cəmiyyəti" və "Bələdiyyə" təşviqat qruplarından da "Report"a analoji cavablar verilib.
Qeyd edək ki, üzvlərinin sayı 40 min və daha çox olan referendum üzrə təşviqat qruplarının seçkiqabağı təşviqatı pulsuz aparmaq məqsədilə pulsuz efir vaxtı almaq hüququ var.
Bütövlükdə bu addımın atılmasına münasibət necədir?
Məsələyə münasibət bildirən "Vətəndaş Cəmiyyəti" təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi Rufiz Qonaqovun sözlərinə görə, xalqla birbaşa ünsiyyətdə olmaq daha məqbul variantdır: "Ona görə də qeydə alınan təşviqat qruplarının ödənişsiz efir vaxtından imtina etməsi çox normal bir haldır. "Yeni Azərbaycan", "Vətəndaş Cəmiyyəti" və "Bələdiyyə" təşviqat qrupları xalqla canlı görüşlərə üstünlük verdi. "Vətəndaş Cəmiyyəti" təşviqat qrupunun nümayəndəsi kimi Qusar rayonunda seçicilərlə görüş keçirmişik. Daha sonra Qubada görüş keçirəcəyik. Hər üç təşviqat qrupu xalqla, seçicilərlə birbaşa təmasa əsas üstünlük verir, nəinki televiziya çıxışlarına. Bilirsiniz ki, indi internet əsrində yaşayırıq və orada kifayət qədər təbliğat aparırıq. Ümumiyyətlə, təşviqat qruplarının hər birinin təşviqat materialları, görüşləri sosial şəbəkələrdə yayılır. Yəni əhali, gənclər və digər sosial təbəqələr əsasən sosial şəbəkələrdə təbliğat aparır. Ona görə də biz sosial şəbəkələrə və əhali ilə birbaşa canlı ünsiyyətə üstünlük verdiyimiz üçün ödənişsiz efir vaxtından imtina etdik".
Vidadi ORDAHALLI