“Borçalı” İctimai Birliyi Bolnisi rayonun Darvaz dərəsində aparılan qazıntı işləri ilə bağlı müraciət yayıb. Müracətdə qeyd olunur: “Darvaz dərəsində aparılan qazıntı işləri ilə bağlı əhalinin narahatlığını anlayaraq bildiririk ki, bu, Bolnisi inzibati ərazisi üçün ciddi ekoloji təhlükə yaradır.
Sakinlərin bildirdiyinə, xəbər saytlarının yazdığına görə, artıq bir həftədən çoxdur ki, Bolnisi bələdiyyəsinin Darvaz dərəsi ərazisində, dağlıq zonada ağır texnikanın işlədiyi müşahidə olunur. Artıq 15 ildir ki, Bolnisi bələdiyyəsinin təbiəti, tarixi abidələri, su qaynaqlarını və dağları, su qaynaqlarının bu şəkildə təhlükəyə məruz qoyması barədə məlumatlar vardır. Yəqin ki, bu qazıntı da növbəti analoji layihələrdən biridir. Yerli əhaliyə əvvəlcədən rəsmi xəbərdarlıq edilmədən Darvaz dərəsi adlanan meşə ərazisində yeni qazıntı işlərinə başlanılması Gürcüstanın ətraf mühitin mühafizəsi, meşə fondu və dağ ekologiyasının qorunması haqqında qanunvericiliyinə zidd hesab olunur”.
Müraciətdə vurğulanır ki, "Darvaz dərəsi" Darvaz, Dəmirli, Sərimmədli, Aşağı Gülaver, Yuxarı Gülaver və Babakişilər kəndlərini birləşdirən bir coğrafiyadır ki, qazıntı işləri nəticəsində böyük təhlükə altına düşmüşdür. “Həmin dağda qızıl, gümüş və ya digər qiymətli metal/daş yataqlarının istismarı planlaşdırılır. Dağlıq ərazidə meşə ərazisi kütləvi şəkildə qırılaraq, yol çəkilir Bu isə adıkeçən kəndlərin sakinlərinin ciddi haqlı etirazlarına səbəb olub.
“Borçalı İctimai Birliyi ümid edir ki, Gürcüstanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bolnisi Meriyası və digər əlaqədar təşkilatlar tərəfindən əhalinin haqlı narahatlığı nəzərə alınaraq məsələ araşdırılacaq, ekoloji tarazlığın pozulmasına yönələn qazıntı işləri dayandırılacaq və bölgədə sağlamlığa, yaşayış mühitinə zərər vurulmasına imkan verilməyəcək”-deyə “Borçalı” İB-nin İdarə Heyətinin yaydığı müraciətdə vurğulanır.
İradə SARIYEVA