Azərbaycan həmişə haqqın tərəfdarı olub. Azərbaycan “İslam həmrəyliyi ili”, “Mültikulturalizm ili” elan etdi və bu o demək idi ki, Azərbaycan İslam dəyərlərinə böyük önəm verir.
Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlamnları İdarəsinin sədri Allahşükür Paşazadə Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans zamanı jurnalistlərə açıqlamasında deyib.
A.Paşazadə qeyd edib ki, bu gün islamofobiya həqiqətən dünyada mühüm məsələlərdən biridir.
“Bu gün görürük ki, Avropada ikili münasibətlər var. Misal üçün müsəlman miqrantlara başqa münasibət bəsləyirlər, xristian miqrantlara başqa münasibət. Xristian miqrantlar üçün bütün şərait yaradılır, ancaq müsəlman miqrantlar illərlə gözləyirlər. Bu ikili münasibət aradan götürülməlidir, bütün insanlar Allah qarşısında bərabərdir”, - deyə o qeyd edib.
A.Paşazadə vurğulayıb ki, Avropa dövlətləri insan haqlarından danışırlar, ancaq özləri onu pozurlar. “Azərbaycan bununla bağlı həmişə öz sözünü deyib və bu gün bu konfransın təşkil olunması olduqca mühümdür. Biz dünyaya bəyan edirik ki, biz sülhün tərəfdarıyıq. 30 il erməni işğalı altında qalmış torpaqlarımızda məscidlərimizin, ziyarətgahlarımızın dağıdılması islamofobiyanın təzahürüdür. Bu, İslama qarşı bir genosiddir”, - deyə o əlavə edib.