Paşinyan Almaniyadakı erməni diasporunun nümayəndələri ilə görüşündə “erməni dövlətçiliyinin özünün mövcudluğuna təhlükələr” haqqında danışıb. Tədbirin yekun hissəsində isə bildirib ki, bu gün Ermənistanda “toxunulmaz ərazilər” yoxdur.
Maraqlıdır ki, eskalasiya təhlükəsi altında olsa belə, Ermənistan KTMT baş katibinin müavininin kvotasından imtina edir. Eyni zamanda hakimiyyət Ermənistan üçün heç bir alternativ təhlükəsizlik sistemi tapa bilmir.
Paşinyanım əndişəsi bununla bağlı ola bilərmi və “Ermənistanda “toxunulmaz ərazilər” yoxdur” deməklə o nəyi nəzərdə tutur?
Siyasi şərhçi Sahil Kərimli “Bakı-Xəbər”ə bildirdi ki, Paşinyan Ermənistanın təhlükə qarşısında olduğunu bəyan edərkən öz qeyri-konstruktiv siyasətini nəzərdən keçirsə daha yaxşı olar: “Ermənistan, həmişə olduğu kimi, yenə separatçılıq, revanşizm meyllərindən əl çəkmir. Azərbaycanla heç cür sülhə gəlmək istəmir. Gah sərhədlərimizə avropalı müşahidəçilər gətirir, gah atəşkəs pozulur, gah da Qarabağa gizli yollarla silah daşıyır. Belə olduğu halda, əlbəttə ki, Azərbaycan adekvat tədbirlər görmək məcburiyyətində qalır. Ermənistanı təhlükəyə atan Paşinyan və onun yarıtmaz komandasıdır. Konkret olaraq “toxunulmaz ərazilər” dedikdə Paşinyan dünya ictimaiyyətinə çaşdırmağa çalışır ki, guya Azərbaycan Ermənistan ərazilərini işğal etməyə hazırlaşır. Hətta bu günlərdə ermənilərin tələm-tələsik sərhədboyu səngərlər qazdığı, sədlər hazırladığı üzə çıxdı. Bu manipulyasiyalarla İrəvan beynəlxalq ictimaiyyəti əsl həqiqətlərdən yayındrmağa çalışır. Azərbaycan ordusu Ermənistanın 30 il möhkəmləndirdiyi sədləri bir neçə günə darmadağın etdi. İndi onların qazdığı səngərlər nə işə yarayacaq, bu gülüncdür. Yəni bütün bunlar Ermənistan hərbi-siyasi rəhbərliyinin bir oyunudur. Azərbaycan dəfələrlə bəyan edib ki, bizim məqsədimiz yeni müharibəyə başlamaq deyil, sülh müqaviləsi imzalamaq, sərhədlərimizi müəyyən etməkdir. Ermənistan isə ötən iki il yarım müddətdə üzərinə götürdüyü öhdəliklərə əməl etmir. Bu reallıqaları bütün dünya bilməli, düzgün qiymətləndirməlidir”.
Yeri gəlmişkən, erməni politoloq Vahe Ovannisyan deyib ki, Nikol Paşinyanın mətbuat konfransından bir şey aydın oldu: Ermənistan böyük sınaq və böyük müharibə astanasındadır: “Bizi fiziki təhlükə gözləyir, dövlətçiliyimizin mövcudluğu sual altındadır. İnanılmazdır, amma bu faktdır. Başqa millətlər hava limanlarında təyyarə gözləyirlər, biz isə fəlakət gözləyirik”.
Ovannisyan Ermənistanın 30 illik tarixində dövlət kimi formalaşa bilməməsinə də diqqət çəkib: “Otuz illik dövlətçilik tarixi bizə heç nə verməyib, bu, dövlət təfəkkürü deyil”.
Ekspert bunu Ermənistanla Rusiya arasındakı gərginliyin də böyüməsi ilə əsaslamdırıb. Ovannisyan Ermənistanın onu gözləyən böyük müharibədən qaça bilməyəcəyini iddia edib.
Məhəmmədəli QƏRİBLİ