Media reyestrinin yaradılması medianın hansı problemlərini həll edəcək…

Müşfiq Ələsgərli: “Hətta qeydiyyatdan keçən, lakin fəaliyyət göstərməyən KİV də iddiaçı olur...”

img

Azərbaycanda media reyestrinin yaradılması nəzərdə tutulur. Bunu jurnalistlərə açıqlamasında Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmaylov deyib. Ə.İsmayılov bildirib ki, media reyestrinin yaradılması jurnalistlərlə bağlı bir sıra layihələrin həyata keçirilməsinə imkan verəcək. Çox maraqlıdır, nəzərdə tutulan reyestr özündə nəyi ehtiva edəcək və medianın hansı problemlərini həll etməyə köməklik göstərəcək?

Media eksperti Müşfiq Ələsgərli  “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu olduqca mütərəqqi bir addımdır: “Dünyanın inkişaf etmiş ölkələrində medianın vahid reyestri var. Düzdür, adları müxtəlif olur. Ölkədə olan bütün KİV-lər haqqında ümumiləşmiş bir məlumat bazası olur. Çox təəssüf ki, uzun illərdi  Azərbaycanda bu yoxdur. Biz zaman-zaman bu barədə rəsmi qurumlara təkliflər vermişik. Təəssüf ki, zamanında bunu nəzərə almadılar. Sevindirici haldır ki, bunu həm qanun layihəsinə daxil ediblər, həm də onun mexaniziminin yaradılması istiqamətində iş aparırlar. Mahiyyəti budur ki, ölkədə olan bütün KİV qurumları haqda vahid məlumat bazası toplanacaq. Bizdə belə baza yoxdur, hətta  pərakəndəlik var. Məsələn, Azərbaycanda çap media2sının qeydiyyatı ilə bağlı məlumatlar Ədliyyə Nazirliyində toplanır. Televiziya və radiolar barədə məlumatlar Milli Teleradio Şurasındadır.  Onlayn media ilə bağlı qeydiyyatı isə əvvəlki vergilər, indiki İqtisadiyyat Nazirliyi aparır. Buna görə də Azərbaycanda media qurumları və jurnalistlərin sayı barədə danışanda ortaq rəqəm çıxarmaq olmurdu. Bu baxımdan vahid reyestrin yaradılması olduqca vacibdir. Bunun nəticəsində biz  dəqiq statistika əldə edə biləcəyik”.

Ekspertin sözlərinə görə, bu da media ilə bağlı bir çox layihələrin həyata keçirməsinə kömək edəcək: “Fikir verirsinizsə, media ilə bağlı hər hansı bir layihə həyata keçirilərkən çoxlu sayda iddiaçılar ortaya çıxır. Hətta qeydiyyatdan keçən, lakin fəaliyyət göstərməyən KİV də iddiaçı olur. Yeni reyestrdə kəmiyyətlə yanaşı, keyfiyyət uçotu da aparılmalıdır. Yalnız KİV təsis etməklə media adına iddia etmək olmasın. Müəyyən edilmiş standartlara uyğunluğun olub-olmadığı aydınlaşandan sonra kimsə KİV adına, oradakı güzəştlərə iddia edə bilsin. Mən yeni qanunun müzakirəsində iştirak etmişəm və prosesi təqdir etdiyimi bildirmişəm. Mütərəqqi bir addım olduğu üçün bunun zəruriliyini bir daha bəyan edirəm”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər