Türk Şurası media əməkdaşlığının yol xəritəsində yeni elementlər - daha dərin sistemləşmə, Media Koordinasiya Komitəsi...

Azər Həsrət: “Türk dövlətləri və xalqları arasında informasiya sahəsində koordinasiya olduqca vacibdir”

img

Məlum olduğu kimi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin Bakıda 3-cü toplantısı keçirilib.

Toplantıda türkdilli ölkələrdə baş verən hadisələr barədə yerli və beynəlxalq səviyyədə məlumatlandırmanın artırılması istiqamətində birgə fəaliyyətin gücləndirilməsi, informasiya və media sahəsində 2021-2022-ci illəri əhatə edən Fəaliyyət Planı, türkdilli dövlətlərin tarix və mədəniyyətinə aid bədii və sənədli filmlərin çəkilişi, media ekspertləri üçün təlim kurslarının və mübadilə proqramlarının reallaşdırılması kimi məsələlər müzakirə olunub.

Bu arada Prezidentin köməkçisi Hikmət Hacıyev Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib ki, Türk Şurası çərçivəsində Media Koordinasiya Komitəsi yaradılmalıdır: “Türk Şurası çərçivəsində media sahəsində əməkdaşlığın daha da sistemləşdirilməsinin tərəfdarıyıq. Bu günə kimi yaxşı təşəbbüslər olub. Lakin gəldiyimiz qənaətlərdən biri odur ki, təşkilat çərçivəsində Media Koordinasiya Komitəsi yaradılmalıdır. Necə ki, digər sahələrdə davamlı müvafiq komitələr çərçivəsində iş aparılır, bu istiqamətdə də işlər görülməlidir”.

Belə bir Koordinasiya Komitəsinin yaradılmasının nə kimi müsbət effekti olacaq?

  • “Bu məsələdə istər biz jurnalistlər, istərsə də dövlətlərimizin media sahəsindəki məsul şəxsləri əlindən gələni etməlidirlər

Məsələyə münasibət bildirən media eksperti Azər Həsrətin sözlərinə görə, türk ölkələri arasında media sahəsində belə bir komitənin yaradılması faydalı olacaq: “Əvvəla çox sevindirici haldır ki, türk dövlətləri arasında bu sahədə koordinasiyanın dərinləşdirilməsi üçün addımlar atılır. Azərbaycanla Türkiyə arasında bu məsələlərdə çox ciddi irəliləyişlər var. Lakin, ümumilikdə götürəndə digər türk dövlətləri ilə yetərincə iş görülmürdü. Bu baxımdan hesab edirəm ki, Hikmət Hacıyevin səsləndirdiyi fikir yerinə düşür. Hətta mən deyərdim ki, bu sahədə biz bir qədər gecikmişik. Təbii ki, bu, Hikmət Hacıyevin günahı deyil. Azərbaycan dövləti uzun illər bundan öncə belə təşəbbüsləri irəli sürməli idi. Ola bilsin ki, bu cür təşəbbüslə çıxış ediblər, amma digər dövlətlər buna hazır olmayıblar. Bütün hallarda, bunlar artıq keçmişdir və biz irəli baxmalıyıq. Yəni türk dövlətləri və xalqları arasında informasiya sahəsində koordinasiya olduqca vacibdir. Ən azından, biz ötən il 44 günlük Vətən savaşı günlərində hiss etdik ki, bu koordinasiyanın yoxluğu bizə nə kimi zərərlər verə bilər. O üzdən, düşünürəm ki, gələcəkdə belə ziyanlı təzahürlərin olmaması üçün Azərbaycan və digər türk dövlətləri qarşılıqlı olaraq informasiya sahəsində əməkdaşlıq etməlidirlər. Əlbəttə, bu məsələdə istər biz jurnalistlər, istərsə də dövlətlərimizin media sahəsindəki məsul şəxsləri əlindən gələni etməlidirlər. Yəni əlindən gələni etməlidirlər ki, bu proses sürətləndirilsin”.

Media eksperti onu da qeyd etdi ki, belə bir əməkdaşlığın qurulması bütün türkdilli dövlətlərin xeyrinə olacaq.

Vidadi ORDAHALLI

Son xəbərlər