Xəzərin statusu barədə sazişin İranda ratifikasiyası niyə gecikir...

Elçin Mirzəbəyli: “Düşünür ki, Konvensiyanın yenidən müzakirəsi ilə bağlı məsələ gündəmə gələ bilər və bununla İran öz iddialarını təmin etməyə nail olar”

img

Rusiya İranın tezliklə Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiyanı ratifikasiya edəcəyini gözləyir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qazaxıstanın baş nazir müavini, xarici işlər naziri Muxtar Tleuberdi ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, o zaman bu vacib konvensiya qüvvəyə minəcək və Xəzər dənizində qarşılıqlı əməkdaşlığın əsasını möhkəmləndirəcək. Qeyd edək ki, Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiya 2018-ci ilin avqustunda Qazaxıstanın Aktau şəhərində imzalanıb.

Göründüyü kimi, Lavrov da açıq şəkildə bəyan edib ki, Xəzərin statusu barədə sazişin ratifikasiyası İran üzündən gecikir. İranın bunu etməkdə hansı maraqları və məqsədləri ola bilər?

Siyasi şərhçi Elçin Mirzəbəyli  “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Xəzərin statusu ilə bağlı sazişin imzalanmaması və bu prosesin yubadılmasının, müzakirələrin davam etməsinin  birinci səbəbkarı məhz İrandır: “Çünki Türkmənistan istisna olmaqla, digər Xəzəryanı ölkələr ikitərəfli qaydada bir-birilə əsas məsələlər üzrə razılığa gəlmişdilər. Azərbaycanın Rusiya və Qazaxıstanla ayrı-ayrılqda Xəzərin orta xətt prinsipi əsasında bölünməsi ilə bağlı ikitərəfli müqavilələri var. Həmin razılaşmalar Konvensiyanın işlənib hazırlanmasında baza rolunu oynadı. İran Xəzərin orta xətt üzrə bölünməsinə razı deyil. Daha çox RSFSR və sonra SSRİ ilə olan və qüvvədən düşmədiyini iddia etdiyi müqavilələri əsas götürməyə çalışırdı. İranın müəyyən iddialarla çıxış etməsinə baxmayaraq, digər ölkələrin  ona orta xətt bölgüsünü təklif etməsi də güzəşt kimi dəyərləndirilməlidir. Çünki İranın Xəzərdə donanma saxlamaq kimi səlahiyyəti olmayıb. Orta xətt prinsipi bütün ölkələri qane etməlidir. İranın prosesi niyə yubatmasının səbəbi bəllidir. Zənn edir ki, dünyada və regionda baş verən proseslər onun xeyrinə işləyə bilər. Bunun fonunda düşünür ki, Konvensiyanın yenidən müzakirəsi ilə bağlı məsələ gündəmə gələ bilər və bununla İran öz iddialarını təmin etməyə nail olar. Bunun başqa bir adı yoxdur”.

Müsahibimizin sözlərinə görə, Xəzərlə bağlı yeganə mübahisəli məsələ Azərbaycanla Türkmənistan arasında yaşanırdı: “Ancaq  yaxın zamanda iki qardaş arasında imzalanan müqavilə ilə bu problem öz həllini tapmış oldu. İki ölkə mübahisəli yataqları birgə istismar etməklə bağlı razılığa gəldi. Prinsip etibarı ilə hazırda Xəzəryanı ölkələr arasında heç birinin digərinə qarşı iddiası qalmayıb. Yeganə problem İranla bağlıdır və bu ölkənin addımları prosesin irəliləməsinə ciddi mane olur”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər