Azərbaycan Prezidentinin Putinlə ən yeni telefon danışığı Qarabağa dair vəziyyəti dəyişə bilər…

Qabil Hüseynli: “Yaxşı olardı ki, Putin əldə olunan razılaşmadakı bəndlərin reallaşması istiqamətində səylərini artırsın”

img

Rusiya Prezidenti Vladimir Putin aprelin 8-də Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi edib, məlumatı Azərbaycan Prezidentinin rəsmi saytı yayıb.

Məlumatda bildirilir ki, söhbət zamanı iki ölkə rəhbərliyi Dağlıq Qarabağ ətrafında vəziyyət, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın Baş nazirinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlarına müvafiq olaraq, vəziyyətin daha da sabitləşdirilməsinin müzakirəsini davam etdirib:

"Söhbət zamanı xüsusi olaraq sülhün, təhlükəsizliyin və regionun davamlı sosial-iqtisadi inkişafının təmin olunması, həmçinin nəqliyyat kommunikasiyalarının bərpası üzrə işin gedişi ətraflı şəkildə nəzərdən keçirilib. Bu baxımdan aprelin 7-də Moskvada Rusiya-Ermənistan yüksək səviyyəli görüşünün yekunları nəzərə alınıb. Müxtəlif formatlarda təmasların fəallaşdırılması qərara alınıb".

Qeyd edək ki, baş tutan telefon danışığı maraqlı dönəmə təsadüf edir. Məlumdur ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın aprelin 7-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü baş tutub. Bunun fonunda Ermənistan Azərbaycandan “hərbi əsrlərinin” qaytarılmasını tələb edir. Azərbaycan isə onların əldə olunan sülh razılaşmasından sonra terrora cəhd etdikləri üçün həbs edildiklərini deyir. Eyni zamanda, Azərbaycan Ermənistandan minalanmış ərazilərin xəritəsini və Rusiyadan Şuşaya atılan “İsgəndər” raketlərilə bağlı izahat istəyir. Həmçinin Ermənistan “Zəngəzur dəhlizi” ilə bağlı prosesi yubadır və həmin ölkənin XİN-i məsuliyyətsiz bəyanatlar verməkdə davam edir. Bütün bunların fonunda baş tutan telefon danışığının Qarabağdakı vəziyyətin dəyişməsinə nə kimi təsiri ola bilər?

Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Putinlə baş tutan son telefon danışığının Qarabağdakı proseslərə ciddi təsir edəcəyinə inanmır: “Putin Paşinyanla görüşəndən sonra zəng edib. Ola bilər ki, hansısa detalların ətraflı müzakirəsinə zərurət yaranıb. Bunun detallarını biz çılpaqlığı ilə bilmərik. Ancaq deyə bilərəm ki, Rusiya yenidən açıq şəkildə erməniləri himayə etməyə başlayıb. Açıq şəkildə tələb edir ki, biz atəşkəsdən sonra əsir götürülən erməni terrorçularını heç bir şərt irəli sürmədən açıb buraxaq. Azərbaycanın isə bu mövzuda öz tələbləri var. Məsələn, Qırmızı Bazardan Şuşaya çəkilən yola ermənilərin mane olmasının qarşısının alınmasını istəyirik. Minalanmış sahələrlə bağlı xəritələri vermirlər. Rusiya istəsə, bu məsələni tez bir zamanda həll edər. Ancaq bunu etmir. “İsgəndər” raketilə də bağlı lazımi izahatı vermir. Kommunikasiyaların bərpası ilə də bağlı ermənilər prosesi yubadır. “Zəngəzur dəlizi” ilə bağlı əlavə şərtlər irəli sürməyə başlayıblar. Bir sözlə, Rusiya hər vasitə ilə çalışır ki, qarşıdurma elementləri artsın”.

Politoloqun sözlərinə görə, artıq proseslərə təsir etmək imkanı Rusiyanın əlindədir: “Sirr deyil ki, onlar Ermənistana nə deyirlərsə, o da olur. Yaxşı olardı ki, Putin əldə olunan razılşamadakı bəndlərin reallaşması istiqamətində səylərini artırsın. Əks təqdirdə, münaqişənin yenidən alovlanması an məsələsidir. Əminəm ki, butün bu narazılıqlar Prezidentimiz tərəfindən Putinin nəzər-diqqətinə çatdırılıb”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər